İlham Əliyev: Neft gəlirləri azalsa, büdcə ixtisarları ola bilər
Azərbaycan Respublikası prezidenti İlham Əliyev bildirib ki, əgər neftin qiyməti aşağı olaraq qalsa, bu, bəzi iqtisadi və sosial problemlərə yol aça bilər.
Azərbaycan Respublikası prezidenti İlham Əliyev “Euronews” telekanalına müsahibəsində deyib: “Biz neftin qiymətinin azalması ilə qlobal təhlükəsizlik arasında birbaşa əlaqə görmürük. Lakin sözsüz ki, uzunmüddətli perspektivdə neftin qiyməti aşağı olaraq qalsa, bu, bəzi problemlərə, iqtisadi və sosial problemlərə yol aça bilər. Çünki bəzi ölkələr neftdən gəlir götürməyə adət ediblər. Həmin səbəbdən də neft gəlirləri azalsa, bu, büdcə ixtisarları ilə nəticələnə bilər.”
İlham Əliyev hökumətin iqtisadiyyatın şaxələndirilməsi üzərində uzun illər işlədiyini də xatırladıb: “Hazırda neftin qiymətinin çox aşağı olduğu bir dövrdə bu, bizim üçün əsas prioritetə çevrilib. Biz neft və qazdan asılılığı azaltmağa nail olmuşuq. Hazırda neft və qaz bizim ümumi daxili məhsulun cəmi 30 faizini təşkil edir.”
Əliyevin sözlərinə görə, neft hasil edən hər bir ölkənin əsas hədəfi neftdən asılılığı azaltmaq, innovasiyalara, təhsilə və müasir texnologiyalara sərmayə yatırmaq, neft və qaz layihələrindən müxtəlif başqa layihələri ixrac etməkdir. Bunlar baş tutsa, regionda təhlükəsizlik yüksək səviyyədə təmin olunacaq.