Ərəstun Oruclu: "Həbs olunmuş dindarların bir xeyli hissəsi şərlənib"
Azərbaycanlı politoloq Ərəstun Oruclu hesab edir ki, həbs olunmuş dindarların bir xeyli hissəsi şərlənib.
FaktXəbər-in məlumatına görə, politoloq Ərəstun Oruclu facebook səhifəsində yazıb ki, həbsdə olan dindarların azad edilməsi insanların bir-birinə etimadını bərpa edə bilər: Fərqli mövqelərimiz, yanaşmalarımız, bəzən bir-birimizə qarşı dözümsüzlüyümüz bir yana, amma fakt budur ki, bu ölkədə həbs olunmuş dindarların da bir xeyli hissəsi məhz şərlənib. Xüsusilə də, silah və narkotik ittihamı ilə tutulanların mütləq əksəriyyəti.
Ərəstun Oruclu yazıb: "Bundan savayı, yaxşı tanıdığım Elşən Mustafaoğlunun və "Səid Dadaşbəylinin dəstəsi" adlı saxta cinayət işi üzrə həbs olunan dindarların (onlardan biri də istintaq zamanı MTN-də işgəncələrdən ölüb) İran kəşfiyyatına işləməsi saxta ittihamdan başqa bir şey deyil. Hər iki məsələni şəxsən araşdırdığımdan buna əminəm. Ziyalı və çox mədəni bir insan kimi tanıdığım Elşən Mustafaoğlunun Qafqaz Müsəlmanları İdarəsinin rəsmi əməkdaşı olmasına rəğmən, bu idarənin rəhbərlərinin onun saxta ittihamla həbsinə susması isə heç bir çərçivəyə sığmır. Cəmiyyətimizin bütövləşməsini, insanlarımızın bir-birinə etimadının bərpasını istəyiriksə, bizə tərəfdaş olanlarla yanaşı, opponent və rəqib olanların da şərə məruz qalmasına göz yummamalıyıq.
Politoloqun sözlərinə görə, mövqeyindən, siyasi baxışlarından asılı olmayaraq, şərlənərək tutulmuş bütün insanlar azad olunmalıdır!