Mart 28, 2016 20:17 Asia/Baku
  • Hacıağa Nuri
    Hacıağa Nuri

Nardaran ağsaqqallarından Hacıağa Nuri deyib: Bir həftədir ki, Nardarana su verilmir. Evi, obyekti sökülən insanlara kompensasiya ödənilmir».

«Nardarandakı Abşeron küçəsinin təmiri tam başa çatıb. Bu yol Nardaranı Bilgəhə birləşdirir. Amma bu yol üstündə evi, obyekti, hasarı, istixanaları sökülən insanlara kompensasiya verilməyib».

İslamazeri.az-ın verdiyi xəbərə görə, bunu Nardaran ağsaqqallarından Hacıağa Nuri bildirib:

«Həmin yol üstündə 95 ev, obyekt, hasar, istixana sökülüb. Bu 95 obyektdən ən çoxu 25-30 şəxsə kompensasiya verilib. Hökumət bu məsələ ilə bağlı pul da ayırıb. Amma indiyə kimi bu pulların verilməməsi təəccüb doğurur?» deyə o qeyd edib.

H. Nurinin deməsinə görə, suyun olmaması kəndin ən böyük problemidir: «Ən böyük problem susuzluqdur, bir həftədən çoxdur ki, kəndə su verilmir. Hətta, təmir getməyən küçələrin sakinlərinin də evlərinə su gəlmir. Bu gün, yenə kənd sakinləri icra nümayəndəliyinin önünə yığılaraq problemin həll olunmasını istəyirlər».

O, keçən il noyabrın 26-da Nardaranda baş verən hadisələrlə bağı həbs edilən insanların da taleyinə toxunub: «Bizə dedilər ki, əfv sərəncamı Nardaran hadisələrində həbsə alınanlardan 34 nəfərinə şamil ediləcək. Amma nədənsə, bizə deyilən söz təsdiqini tapmadı».

H. Nuri deyir ki, aprel ayının ortalarından etibarən Nardaran hadisələri ilə bağlı həbs edilənlərin məhkəmə proseslərinin başlanması gözlənilir.

2015-ci il noyabrın 26-da Nardaranda xüsusi əməliyyat keçirilib. Həmin əməliyyat zamanı 2-si polis, 5-i mülki şəxs olmaqla 7 nəfər həlak olub. Həmin gün, «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırzadə və daha 14 nəfər həbs edilib. Sonrakı günlərdə də həbslər davam edib. Baş prokurorluğun açıqlamasına görə, «Müsəlman Birliyi» Hərəkatı ilə bağlı ümumilikdə 68 nəfər həbs edilib.

2015-ci ilin dekabrında isə prezident İlham Əliyev Nardaranda yol tikintisinə və başqa abadlıq işlərinə 12 milyon vəsait ayrılması ilə bağlı sərəncam verib. Daha sonra, prezident qəsəbədə görülən işlərin tamamlanması üçün əlavə olaraq 19 milyon manat vəsait ayırıb.

Teqlər