Malena Mard: "Avropa İttifaqı Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir"
https://azeri.sahartv.ir/news/azərbaycan-i215047-malena_mard_avropa_İttifaqı_azərbaycanın_müstəqilliyini_və_ərazi_bütövlüyünü_dəstəkləyir
"Avropa İttifaqı Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir". Bu sözləri Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 14, 2016 09:38 Asia/Baku
  • Malena Mard:
    Malena Mard: "Avropa İttifaqı Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir"

"Avropa İttifaqı Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir". Bu sözləri Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

APA-nın məlumatına görə, Malena Mardın sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Aİ Minsk qrupunun səylərini dəstəkləyir: "Biz açıq şəkildə bəyan etmişik ki, status-kvo uzun müddət davam edə bilməz. Biz münaqişənin sülh yolu ilə həlli üçün daha da irəli getməliyik. Bu, ali nümayəndə Federika Mogerinin Bakı səfəri zamanı da açıq şəkildə qeyd edildi".

M. Mard Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Helber Salberin regiona səfərinin də bir neçə gün içində reallaşacağını deyib: "Xüsusi nümayəndə də çox aktivdir. Hesab edirəm ki, bu, Avropa İttifaqının bu münaqişəyə diqqətini göstərir".

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur.

Qrupun fəaliyyəti bu günə kimi münaqişənin həlli istiqamətində müsbət nəticə əldə etməyib.