Azərbaycan Xarici İşlər Nazirliyi ermənilərin fosforlu mərmidən istifadəsinə dair bəyanat verib
https://azeri.sahartv.ir/news/azərbaycan-i218416-azərbaycan_xarici_İşlər_nazirliyi_ermənilərin_fosforlu_mərmidən_istifadəsinə_dair_bəyanat_verib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın Azərbaycanın mülki obyektlərini qəsdən hədəf aldığını bildirib. XİN bununla bağlı yaydığı bəyanatda bildirib ki, Ermənistan üzərinə götürdüyü bütün öhdəlikləri kobud şəkildə pozur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 17, 2016 13:37 Asia/Baku
  • Azərbaycan Xarici İşlər Nazirliyi ermənilərin fosforlu mərmidən istifadəsinə dair bəyanat verib
    Azərbaycan Xarici İşlər Nazirliyi ermənilərin fosforlu mərmidən istifadəsinə dair bəyanat verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın Azərbaycanın mülki obyektlərini qəsdən hədəf aldığını bildirib. XİN bununla bağlı yaydığı bəyanatda bildirib ki, Ermənistan üzərinə götürdüyü bütün öhdəlikləri kobud şəkildə pozur.

Azərbaycan XİN-i bildirib ki, aprelin 2-dən başlayaraq son gərginlik və hücum hərəkətləri zamanı Ermənistan silahlı qüvvələri qəsdən və çoxsaylı əsasda Azərbaycanın mülki əhalisini və mülki obyektlərini ağır artilleriya və iri çaplı silahlardan atəşə tutmaqla bərabər, ağ fosfor kimi kimyəvi tərkibə malik olan mərmilərdən də istifadə edib.

Belə mərmilərdən birinin Azərbaycanın Tərtər rayonunun Əskipara kəndi ərazisinə atılması və təsadüfən ilkin hədəfdən yayınaraq becərilən pambıq tarlasına düşməsi faktı Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən10 may 2016-cı il tarixində aşkarlanıb. Əgər bu mərmi Əskipara kəndinin əhalinin sıx məskunlaşdığı ərazisinə düşsəydi, çoxsaylı insan tələfatı və yaralanması ilə nəticələnə bilərdi.

"Ağ fosfor tənəffüs və həzm yolu ilə orqanizmə daxil olduqda və ya yanmış nahiyələr vasitəsilə sovrulduqda həddən ziyadə zəhərləyici xüsusiyyətə malikdir və insanın sağlamlığı üçün ağır fəsadlar törədə bilər. Belə silahlar dəri ilə təmasda olduqda hətta bəzən sümüyə qədər nüfuz etməklə ağır, qismən və ya tam dərin yanığa və kimyəvi yanıqlara səbəb olur.

Beynəlxalq humanitar hüquqa görə, mülki əhali və yaxud mülki obyektlərə, meşələrə və ya digər əkin sahələrinə (Əskipara kəndindəki becərilən sahə kimi) ağ fosforlu silahlardan atəş açmaq BMT-nin 1980-ci il "Adi silahların konkret növləri haqqında konvensiya"nın Alışdırıcı Silahların İstifadəsi haqqında Qadağalar və ya Məhdudiyyətlərə dair III Protokolu ilə qadağan edilir.