Ermənistan və Rusiya Qarabağ güzəştindən imtina etdi
-
Ermənistan və Rusiya Qarabağ güzəştindən imtina etdi
Rauf Mirqədirov: “Putinin Azərbaycan və Ermənistan prezidentləri ilə görüşü fayda verməyəcək”.
Politika.az bildirir ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair yaxın günlərdə siyasi fəallığın artması gözləniliir.
Avqustun 8-də Rusiya prezidenti Vladimir Putin Azərbaycana səfər edəcək. Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü çərçivəsində İlham Əliyev və Vladimir Putin Dağlıq Qarabağ probleminin nizamlanmasına istiqamətində müzakirələr aparacaqlar. Bir gün sonra isə Rusiya və Türkiyə dövlət başçılarının Sankt-Peterburqda keçiriləcək görüşündə regional məsələlərin müzakirəsi zamanı Dağlıq Qarabağ münaqişəsi diqqət mərkəzində olacaq. Avqustun 10-da isə Ermənistan prezidenti Serj Sarkisyan Moskvaya səfər edəcək. Sarkisyanın əslində Kremlə İrəvanda iyulun 17-də başlayaraq 14 gün davam edən silahlı qiyamdan sonra dəstək axtarmaq üçün getdiyi güman olunur.Ancaq bu danışıqlarda Dağlıq Qarabağ probleminin də gündəlikdə olacağı gözlənilir. Ermənistanda Qarabağ müharibəsi veteranlarından ibarət silahlı qrupun hakimiyyətə qarşı mübarizəyə qalxması yeni siyasi situasiya yaradıb. Bu baxımdan, S.Sarkisyanın danışıqlarda daha sərt mövqedən çıxış etmsi üçün real siyasi zəmin yaranıb.
Xatırladaq ki, Ermənistan prezidenti avqustun 1-də ictimaiyyət nümayəndələri ilə görüşdə Dağlıq Qarabağ məsələsində heç bir güzəştə getməyəcəyini deyib.
Azərbaycan və Ermənistan prezidentlərinin mayın 16-da Vyanada və iyunun 20-də Sankt-Peterburqda keçirilmiş görüşlərindən sonra münaqişənin mərhələli həllindən danışan Serj Sarkisyanın mövqeyində kəskin dəyişiklik müşahidə olunur. Hətta Ermənistanın xarici işlər nazirinin müavini Karen Nazaryan münaqişənin mərhələli həll variantını qəbul etdiklərini söyləmişdi. Rusiya prezidentinin vasitəçiliyi ilə Sankt-Peterburqda keçirilmiş danışıqlardan dərhal sonra isə Azərbaycan Prezident Adminstrasiyası rəhbərinin müavini Novruz Məmmədov Ermənitanın mərhələli həll plana uyğun olaraq Dağlıq Qarabağ ətrafındakı 5 rayonu qaytarmağa razılıq verdiyini açıqladı.
Lakin Ermənistanda silahlı müxalifətin Serj Sarkisyanı Qarabağı Azərbaycana verməkdə ittiham etməsi və İrəvanda toqquşmalarla müşahidə olunan aksiyalar S.Sarkisyana güzəştdən imtina etmək üçün ciddi arqumentlər yaradıb. Ermənistan prezidenti indi isə Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasına heç bir halda razılaşmayacağını deyib: “Təkrar edirəm, bu istisnadır” - Sarkisyan belə bəyan edib.
Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan da bu günlərdə analoji sərt ritorika nümayiş etdirib. Prezident Sarkisyanın fikirlərini şərh edən Ş.Koçaryan münaqişənin həlli prosesində birtərəfli güzəştin ümumiyyətlə edilməyəcəyini bildirib: “Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması istisnadır. Onun dedikləri kifayət qədər aydındır”- Şavarş Koçaryan belə deyib.
Şavarş Koçaryan Qarabağdakı ərazilərin Azərbaycana verilməsi haqqında sualın başadüşülən olmadığını söyləyib:“Azərbaycan tərəfindən qaytarmağa hazır olduqları bəyan edilən məgər Qarabağ torpaqlarıdırmı? Əgər belə deyilsə, nəyə görə jurnalistlər birtərəfli güzəştdən danışırlar?”Xarici işlər nazirinin müavini İrəvanda “Sasna Tsrer” silahlı dəstəsinin polis alayının binasını girov götürməsi hadisəsinin Dağlıq Qarabağ münaqişənin nizamlanmasına təsir göstərə biləcəyini təsdiq edib. Artıq Rusiyanın da problemin nizamlanmasına fərqli yanaşması müşahidə olunur.
Aprel ayında baş verən döyüşlərdən sonra Azərbaycan və Ermənistana münaqişəni “Kazan formulu” əsasında həll etməyi və 5 rayonu qaytarmağı təklif edən Kreml indi güzəştli mövqeyindən imtina etmiş kimi görünür.
Rusiya prezidenti Vladimir Putin “AzərTaca” müsahibəsində münaqişə tərəflərinə hər hansı təklif verməyə hazır olmadıqlarını deyib: “Biz Azərbaycana və Ermənistana hansısa hazır reseptləri qəbul etdirməyə əsla çalışmırıq. Tərəflər kənardan təzyiq olmadan özləri razılığa gəlməli, qarşılıqlı məqbul həll yollarını tapmalıdırlar. Bu, bizim qəti mövqeyimizdir.Kompromisin əldə edilməsi ərazi bütövlüyü və xalqların təyini-müqəddərat hüququ prinsipləri arasında optimal tarazlığın tapılmasını nəzərdə tutur. Biz Azərbaycan və Ermənistan rəhbərliyi üzərində necə böyük bir məsuliyyətin olduğunu tam başa düşürük. Münaqişənin həllinə dair bu il iyunun 20-də Sankt-Peterburqda keçirilən sonuncu sammitdə üstünlük təşkil edən konstruktiv əhval-ruhiyyəni alqışlayırıq. Tənzimlənmənin son məqsədi elə bir razılaşma olmalıdır ki, tərəflərdən heç biri nə qalib, nə də məğlub sayılsın, güzəştlər qarşılıqlı, tərəflərdən hər birinin qazancı həm Azərbaycanda, həm Ermənistanda ictimai rəy üçün aydın olsun.Öz növbəsində, Rusiya problemin cəlb olunmuş bütün tərəfləri razı salacaq həll variantını dəstəkləməyə, digər vasitəçilərlə birlikdə tənzimləmənin qarantı kimi çıxış etməyə hazırdır”.
Göründüyü kimi, Rusiya rəhbərliyinin yanaşması rəsmi İrəvanın son bəyanatları ilə üst-üstə düşür. Yəni V.Putinin “bütün tərəfləri razı salacaq həll variantı”ndan danışması birtərəfli güzəştin mümkünsüzlüyü barədə Ermənistanın maraqlarına uyğun gəlir.
Politoloq Rauf Mirqədirov hesab edir ki, hazırda Ermənistanda yaranmış daxili siyasi vəziyyət Serj Sarkisyanın manevr imkanlarını sıfra endirib. Ona görə də yaxın vaxtlarda Dağlıq Qarabağ probıeminin nizamlanması prosesində hər hansı razılaşmanın olacağı çətindir: “Ermənistan daimi olaraq inqilabi şəraitdə yaşayır. İstənilən an bu ölkədə daxili gərginlik yaratmaq mümkündür. Dağlıq Qarabağ problem Ermənistan cəmiyyətini həm parçalayan, uçurum yaradan, həm də zərurət yarandıqda monolit şəkildə birləşdirən bir məsələdir. Azərbaycanın timsalında xarici düşmən obrazı yaradılır və daxili gərginlik aşağı salınır. Bu gün faktiki olaraq, Ermənistanın hakim elitası bu mövqedən çıxış edir. Kəskin bəyanatlar da bu məqsədə xidmət edir. Belə şəraitdə hakimiyyətin güzəştə getmək imkanları çox məhduddur. Ona görə də mən yaxın gələcəkdə ciddi bir irəliləyişin oacağını gözləmirəm”.
Ekspert onu da bildirdi ki, danışıqların dalana dirənməsi gərginliyi və hərbi əməliyyatların bərpası riskini artırır. Lakin indiki şəraitdə genişmiqyaslı döyüşlərin başlanması regionda maraqları olan böyük güclərin maraqlarından asılı olacaq:“Əgər həmin qüvvələr öz maraqlarını gerçəkləşdirmək üçün hərbi əməliyyatların bərpasını istəsələr bu baş verəcək. İndiki şəraitdə regionda əsas marağı olan tərəflərdən biri kimi Rusiya çətin ki, Ukrayna və Suriyada müharibəyə cəlb olunmasından və sanksiyalarla üzləşməsindən sonra Cənubi Qafqazda üçüncü bir münaqişə zonasının yaranmasına razı olsun. Əks təqdirdə Cənubi Qafqaz Rusiya ilə ABŞ arasında üçüncü münaqişə zonasına çevrilə bilər. Bu da Rusiyanın vəziyyətini daha çox ağırlaşdıra bilər”.
Rauf Mirqədirovun sözlərinə görə, Rusiyanın danışıqlar prosesində geriyə doğru addım atması Ermənistanda yaranmış vəziyyətlə birbaşa bağlıdır: “Ermənistandakı gərginliyi kimin, hansı məqsədlə yaratmasından asılı olmayaraq, son hadisələr danışıqlarda irəliləyişin mümkünlüyünü sıfra endirdi. Rusiya prezidenti də indiki şəkildə danışıqlarda iərliləyşin mümkünsüzlünü başa düşdüklərinə açıq şəkildə işarə vurur. Ona görə düşünürəm ki, Putinin Azərbaycan və Ermənsitan prezidentləri ilə aparacağı danışıqlardan müsbət nəticə gözləməyə dəyməz”.