Azərbaycanın bölgələrində leysan yağışı sellə nəticələnib
-
Azərbaycanın bölgələrində leysan yağışı sellə nəticələnib
Sentyabrın 1-də axşam saatlarından başlayaraq Azərbaycanın müxtəlif rayonlarına küləklə müşahidə olunan leysan xarakterli yağıntı düşüb.
APA-nın məlumatına görə, yağıntı ciddi fəsadlar törətməsə də, problemsiz ötüşməyib.
İldırım çaxması ayrı-ayrı yaşayış məntəqələrinə elektrik enerjisinin fasilələrlə verilməsinə səbəb olub. Cənub bölgəsi çaylarında da sululuğun səviyyəsi 70 santimetrə kimi artıb. Şose yollarda xırda gölməçələr əmələ gəlib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Lənkəran Regional Hidrometeoroloji Müəssisəsinin direktoru Cavid Hüseynovun verdiyi məlumata görə, yağış daha çox Astara və Lənkəran rayonları ərazisinə yağıb. Temperatur 4-7 dərəcə enib.
Cavid Hüseynovun sözlərinə görə, bölgədə ən çox yağıntı Lənkəran rayonunun Daşdatük kəndi ərazisində müşahidə olunub. Burada yağıntının miqdarı 108,6 mm təşkil edib.
Hazırda bölgədə intensiv olmasa da, yağıntılı hava şəraiti hökm sürür. Qeyri-sabit hava şəraiti sentyabr ayının 3-dək davam edəcək.
Cənub bölgəsi ilə yanaşı ötən gün axşam saatlarında şimal bölgəsində yağan yağış nəticəsində çaylarda suyun səviyyəsi artıb.
Qudyalçayda suyun səviyyəsinin artması nəticəsində rayonunun Qarğalıq kəndini su basıb.
Qarabağlı kəndində də yaşayış evlərinə su dolub. Kənd sakini Ədalət Qasımov 5-6 il əvvəl belə hadisə ilə üzləşdiklərini bildirib: "Bu gün saat 8-9 radələrində sel gəldi. Toyuq-cücəmiz gedib, alt evlər suyun içindədir. Taya suyun içindədir, mal-qara yoxdur".
Kənd sakini Akif Cəfərov təbii fəlakətdən ciddi ziyan çəkib: "Gördüyünüz kimi, hər bir şey suyun altında qalıb. Tərəvəzimiz də, otum da, tayam da. Mən gözümü bu tərəvəzə dikmişdim, kəndçi adamam, kasıb adamam. Bir neçə il bundan qabaq evim uçmuşdu, sağ olsunlar, mənim üçün ev tikdilər. Yenə həmin evi su basıb. Xahiş edirəm mənə kömək eləsinlər".
Əraziyə rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri gəlib. Dəyən ziyanın aradan qaldırılması və araşdırılması üçün işlər aparılır. Xaçmaz rayon FHK-nın sədri Yetkin Mehmanovun sözlərinə görə, Qudyalçayın daşması nəticəsində Xaspoladoba kəndinə gedən avtomobil körpüsü və Köhnə Xaçmaz kəndinə gedən piyada körpüsünə ziyan dəyib: "Dəyən ziyan araşdırılır. Qaraçayda suyun səviyyəsi artması nəticəsində əsasən Qarğalıq kəndinə ziyan dəyib. Kəndin 12 evini basıb. İnsanlar evlərdən çıxarılıb".
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları rayonun Niyazoba kəndinə yağan leysan yağışları nəticəsində evdə köməksiz vəziyyətdə qalan 3 nəfəri də xilas edib. Vətəndaşların təhlükəsiz əraziyə çıxarılması təmin olunub.
İsmayıllıda isə dörd kəndi su basıb. Ötən gecə İsmayıllı rayonuna yağan güclü leysan yağışları nəticəsində əmələ gələn sel suları kəndlərdə ciddi fəsadlar törədib.
Rayonun şimalındakı yüksək dağlıq ərazilərə bir neçə saat yağan güclü yağışdan sonra Göyçay çayına gələn sel suları çayın məcrasından çıxaraq ətrafdakı İstisu, Çayqovuşan, Qalıncaq, Sumağallı kəndlərini basıb.
Təbii fəlakət nəticəsində kəndlərdə evlərin zirzəmilərinə, həyətyanı sahələrə su və lil dolub. Küçələrdə keçilməz su gölməçələri yaranıb, avtomobillərin və piyadaların hərəkəti çətinləşib. Vətəndaşlara məxsus ev quşları tələf olub, bostan sahələrinə ziyan dəyib. Göyçay çayı üzərindəki kiçik körpülərin dağılmaq təhlükəsi yaranıb. İsmayıllıya qısa müddətdə düşən dolu evlərin dam örtüyünə və meyvə ağaclarına ziyan vurub.
Leysan yağışlarından sonra Girdimançay, Ağsuçay, Vəndamçay, Pirsaatçay çaylarında da suyun səviyyəsi xeyli qalxıb.