İlham Əliyev: "Hər bir rayonun öz imkanları, potensialı maksimum dərəcədə realizə edilməlidir"
https://azeri.sahartv.ir/news/azərbaycan-i232997-İlham_Əliyev_hər_bir_rayonun_öz_imkanları_potensialı_maksimum_dərəcədə_realizə_edilməlidir
"Biz, ümumiyyətlə, heç bir yerdən yardım almırıq və buna ehtiyac da duymuruq"
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 04, 2016 17:36 Asia/Baku
  • İlham Əliyev:
    İlham Əliyev: "Hər bir rayonun öz imkanları, potensialı maksimum dərəcədə realizə edilməlidir"

"Biz, ümumiyyətlə, heç bir yerdən yardım almırıq və buna ehtiyac da duymuruq"

 Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilən Biləsuvar Mərkəzi Rayon Xəstəxanasında xəstəxananın kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

 

Ölkə başçısı deyib ki, buna görə də daxili resurslar artırılmalıdır: "Azərbaycan dövlətinin siyasəti bundan ibarətdir. Bizim çox böyük potensialımız var. Sadəcə olaraq, biz bu potensialdan 100 faiz istifadə etməliyik. Sənaye, kənd təsərrüfatı, investisiya qoyuluşu, sahibkarlıq, şəffaflıq inkişaf etməlidir. Kənd təsərrüfatının digər sahələri də inkişaf etməlidir. Emal sənayesi - burada artıq bir neçə emal müəssisəsi var. Bu işlər daha da sürətlə getməlidir. İndi sahibkarlığın inkişafı üçün əlavə şərait yaradılır, islahatlar aparılır".

 

Prezident deyib ki, sahibkarlar aparılan islahatlara çox müsbət reaksiya verirlər: "İnvestisiya artır, təşviq mexanizmi icra edilir. İxrac potensialımız artır. Biz bütün bunları etməliyik ki, neftdən asılılığımızı tamamilə aradan götürək. Bu layihələri icra etdikcə əlbəttə ki, bizim daha da çox maliyyə imkanımız olacaq. Biz bu maliyyə imkanlarımızı da sosial layihələrə yönəldəcəyik - xəstəxanaların, məktəblərin, yolların tikintisi, köçkünlərin problemlərinin həlli. Biləsuvar rayonunda minlərlə məcburi köçkün yerləşir. Onların problemləri də həll olunur və həll olunacaq. Beləliklə, ölkəmiz uğurla inkişaf edəcək. Regionlar inkişaf etdikcə ölkə də güclənəcək və biz həmişə ancaq daxili resurslara arxalanmalıyıq".

"Hər bir rayonun öz imkanları, potensialı maksimum dərəcədə realizə edilməlidir"

 

Azərbaycan prezidenti bu gün həmçinin Salyan şəhərində Şirvan-Muğan magistral kəmərindən çəkilmiş yeni içməli su xəttinin açılışı mərasimində də iştirak edib.

 “İnfrastruktur olmadan inkişafdan söhbət gedə bilməz. Elektrik enerjisi, yol, qaz, suvarma imkanları olmasa, heç bir rayon, heç bir kənd inkişaf edə bilməz. Ona görə biz infrastruktur layihələrinin icrasına xüsusi diqqət göstəririk, bu məqsədlər üçün artıq çox böyük dövlət vəsaiti xərclənib və bu proses davam etdirilir”. 

Bu sözləri cənab İlham Əliyev mərasimdə iştirakı zamanı deyib. 

Dövlət başçısı infrastruktur layihələrinə bundan sonra da investisiya qoyulacağını qeyd edib: “Yaxın vaxtlarda gələn ilin dövlət büdcəsi müzakirəyə çıxarılacaq. Mən artıq göstəriş vermişəm ki, dövlət büdcəmiz əlbəttə, sosialyönümlü olmalıdır, bütün sosial proqramlar orada tam şəkildə əks etdiriləcək. Eyni zamanda, sərmayə üçün də kifayət qədər vəsait nəzərdə tutulmalıdır ki, biz bu işləri davam etdirək”.

 

“Sosial infrastruktur, məktəb, xəstəxana binalarının, idman qurğularının tikintisi, yolların, elektrik, qaz, içməli su xətlərinin çəkilişi - bütün əsas şərtlər təmin edilir. Bununla paralel olaraq, hər bir rayon çalışmalıdır ki, ümumi işimizə daha da çox töhfə versin.

 

Rayonlarımızın potensialı böyükdür, o cümlədən Salyan rayonunun. Sadəcə olaraq, gərək, işlər düzgün qurulsun. Belə olan halda rayonlarımız öz daxili imkanları hesabına yaşaya bilər. Bizim bu gün əksər rayonlarımız subsidiya, dövlət büdcəsindən dotasiya ilə yaşayır. Buna nə qədər ehtiyac varsa, belə də olacaq. Ancaq çalışmalıyıq ki, hər bir rayonun öz imkanları, potensialı maksimum dərəcədə realizə edilsin.

 

... Mən göstəriş vermişəm hər bir rayonda sənaye zonaları yaradılsın ki, həm iş yerləri açılsın, həm də yerli istehsal artsın. Emal müəssisələri yaradılmalıdır, xüsusilə kənd təsərrüfatına daha da böyük diqqət göstərilməlidir və daha çox rayonun iqliminə, torpağına, şəraitinə uyğun bitkilər yetişdirilməlidir. İndi bütün təhlillər aparılır, təkliflər hazırlanır. Əminəm ki, yaxın gələcəkdə biz gözəl nəticələri görəcəyik”.