Azərbaycan ordusunun hərbçisi həlak olub
Dağlıq Qarabağda ermənilər tərəfindən Azərbaycan Respublikası mövqelərinin atəşə tutulmasına qarşı cavab tədbirləri görülərkən erməni atəşindən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Bəşirov Fikrət Nurşiravan oğlu həlak olub.
Müdafiə Nazirliyinin verdiyi məlumata görə, ermənilərin növbəti təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif olunub.
Ermənistan tərəfi bu hadisə haqda hələlik açıqlama verməyib.
Qeyd edək ki, beynəlxalq təşkilatların təzyiqlərinə baxmayaraq, Ermənistan hələ də 29 dekabrda erməni və azərbaycanlı silahlı qüvvələri arasında baş verən qarşıdurmada həlak olan əsgər Çingiz Qurbanovun cəsədini Azərbaycan tərəfinə qaytarmayıb.