"Xaricdə olduğu halda iğtişaşda ittiham olunub"
Bakının Nardaran qəsəbəsindəki hadisələrlə əlaqədar həbs olunanların sırasında Lənkəran sakini İsa İbrahimovun da adı çəkilir.
Lakin onun atası Tofiq İbrahimovun İslamazeri.az-a bildirib ki, əməliyyat keçirilən zaman oğlu ölkədə olmayıb. İsa İbrahimov Nardaran hadisələrindən bir qədər öncə İraqın Kərbəla şəhərinə ziyarətə yollanıb. Keçirilən əməliyyatlardan təxminən 1 ay sonra ölkəyə qayıdarkən Astara sərhəd-buraxılış məntəqəsində saxlanılıb. Oradan polis idarəsinə aparılan İ.İbrahimov ardınca yaşadığı ünvana gətirilib, özünün iştirakı ilə polis əməkdaşları tərəfindən evinə baxış keçirilib. Sonradan Lənkəran sakini barəsində cinayət işi açılıb və çıxarılan qərara əsasən, həbs-qətimkan tədbiri seçilib.
Nardaran işi ilə əlaqədar keçirilən ikinci məhkəmə prosesində İsa İbrahimov da digər həbs olunanlarla yanaşı hakim önünə çıxarılıb.
Atasının sözlərinə görə, oğlunun Nardaran hadisələri zamanı və ondan öncə ölkədə olmadığı halda həbs olunanlarla eyni cinayət işində günahlandırılması anlaşılan deyil. Tofiq İbrahimov deyir ki, həmin ərəfədə İsanın ölkədə olmadığını sübut edən sənədlər var. Lakin Daxili İşlər Nazirliyinə Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tərəfindən İsa İbrahimov barəsində yazılan xasiyyətnamədə bildirilir ki, güya o İranda təhsil alıb. Lakin İranda təhsil alanlar DTX-də qeydiyyatdadır. İsa isə İranda dini təhsil almayıbdır. Həmçinin xasiyyətnamədə bildirilir ki, ilahiyyatçı Elman Ağayevlə birgə "Cümə" məscidində həmfikirlərini toplayıb, dövlət və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı kəskin hərəkətlər etməyə təhrik etmiş, hadisələrlə bağlı həbs olunmuş Taleh Bağırzadənin və Zülfüqar Mikayılzadənin qeyd-şərtsiz azad edilməsini tələb etmişdir.
Tofiq İbrahimov həmçinin Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovu yanlış xasiyyətnamə yazdığına görə məhkəməyə verəcəyini bildirib.
Xatırladaq ki, İsa İbrahimov 17 dekabr 2015-ci ildə İranda Azərbaycana gələrkən sərhəd buraxılış məntəqəsində həbs edilib. Barəsində ağır ittihamlarla cinayət işi açılaraq Nardaran işinə birləşdirilib.