İran XİN sözçüsü: İran - Azərbaycan iqtisadi əlaqələri qonşuluq münasibətləri şənində deyil
https://azeri.sahartv.ir/news/azərbaycan-i261682-İran_xİn_sözçüsü_İran_azərbaycan_iqtisadi_əlaqələri_qonşuluq_münasibətləri_şənində_deyil
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: İran və Azərbaycan arasındakı iqtisadi əlaqələrin həcmi bizim qonşuluq münasibətləri şənində deyil. Aramızda fasilə yoxdur və bir çox əmtəə məhsulları daha ucuz və daha sərfəli şəkildə təklif edilə bilər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 06, 2017 12:17 Asia/Baku

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: İran və Azərbaycan arasındakı iqtisadi əlaqələrin həcmi bizim qonşuluq münasibətləri şənində deyil. Aramızda fasilə yoxdur və bir çox əmtəə məhsulları daha ucuz və daha sərfəli şəkildə təklif edilə bilər.

İran XİN sözçüsü Bəhram Qasemi bu gün bazar ertəsi yerli və xarici jurnalistlərin iştirakı ilə təşkil etdiyi mətbuat konfransında deyib: Bizim Mərkəzi Asiya və Qafqaz ölkələri xüsusi ilə Azərbaycan Respublikası ilə güclü əməkdaşlıq potensialımız var. Bunun üçün isə daha artıq proqramlaşdırmaya və əlavə səylərin göstərilməsinə ehtiyaclıyıq. 

Azərbaycan prezidenti cənab İlham Əliyev ötən üç ildə üçüncü dəfə olaraq İrana səfər etdi və dünən Tehranda, Səədabad Saray Kompleksində iki ölkə arasında bir sıra danışıqlar aparıldı və yeni əməkdaşlıq sənədləri imzalandı.

İki ölkə prezidentlərin münasibətlərin daha artıq möhkəmləndirilməsinə təkid etdilər.

Səfər zamanı prezident İlham Əliyevi müşayiət edən Azərbaycanın iqtisadiyyat naziri İran və Azərbaycan arasında iqtisadi və ticarət əlaqələri həcminin 70% artdığını vurğulayaraq, İran - Azərbaycan dəmiryollarının birləşdirilməsinin bu əlaqələrin daha da inkişaf etməsinə kömək edəcəyini söylədi.

Bunu nəzərə alaraq, İran Xarici İşlər Nazirliyinin iki ölkə əlaqələrindəki inkişafla bağlı son dəyərləndirməsi haqda fikirlərini öyrənmək üçün Bəhram Qaseminin mətbuat konfransına qatıldım və ondan iki ölkənin iqtisadi əlaqələrindəki inkişafın müsbət təsirlərinin daha çox hansı sahələrdə hiss ediləcəyini soruşdum.

İran Xarici İşlər Nazirliyinin sözçüsü isə buna cavab olaraq İran ilə dost və qardaş Azərbaycan Respubikası əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini vurğuladı və dedi: Azərbaycanın iqtisadi quruluşunu habelə, İran və Azərbaycanın infrastrukturlarını nəzərə alaraq, iki ölkənin iqtisadi əlaqələrinin həcmi mövcud münasibətlərin şəninə layiq səviyyədə deyil. Qonşuluq münasibətlərimizin şənində də deyil. Çünki, iki ölkə arasında hansısa fasilə yoxdur. Və bir çox əmtəə məhsulları daha sərfəli və daha ucuz şəkildə təklif edilə bilər.

 

Bəhram Qasemi Şimal-Cənub Nəqliyyat Marşrutunu da son dərəcə önəmli adlandırdı: Dəmiryolu layihəsi yüklərin daşınması ilə bağlı bir çox problemlərimizi həll edə biləcək çox yaxşı bir layihədir. Biz Azərbaycan vasitəsi ilə Rusiyaya çıxış əldə edə bilərik. Həmçinin, bu layihənin Çabəhar limanına qədər uzadılması yeni fürsətlərin yaranmasına və iqtisadi-ticarət əlaqələrinin davamlı inkişafına kömək etmiş olacaq.

 

Qasemi daha sonra  İranın daim qonşu ölkələr ilə yaxşı münasibətlər ardınca olduğuna təkid edərək, dedi: Bizim Mərkəzi Asiya və Qafqaz ölkələrinin hamısı, xüsusi ilə Azərbaycan Respublikası ilə güclü əməkdaşlıq potensialımız var. Bunun üçün bir qədər artıq idarəçilik və proqramlaşdırmaya ehtiyacımız var.

Ümidvaram bu il və sonrakı illərdə iqtisadi əlaqələrin həcmini hazırda olduğundan daha yüksək rəqəmlərə çatdıra bilək. Bu mümkündür.  Və hər iki ölkə əlaqələrin genişləndirilməsində maraqlıdır. İki ölkə arasındakı gediş-gəlişlərin həcmi də çoxdur. Bunun özü son dərəcə təsirli bir parametr ola bilər. Bizim Azərbaycan ərazisindən keçərək, Rusiyaya çıxış əldə etməyimiz gələcəkdə İran - Rusiya iqtisadi əlaqələrində də təsirli olacaq. Bu, Azərbaycanın rolunun artmasına da səbəb olacaq. Yaxın gələcəkdə Qafqaz ölkələri ilə iqtisadi, ticarət, texniki-mühəndislik, siyasi və mədəni əlaqələrə malik olmağımız heç də əlçatmaz bir perspektiv sayılmır.

O, sonda Qarabağ böhranı və onun həlli məsələsinə də işarə etdi: Qarabağ böhranı uzun keçmişə malikdir və Sovet İttifaqının süqut etdiyi dövrdə alovlandı. Azərbaycan və Ermənistan  səbrli olmaq və təmkinli davranmaqla anlaşmaya nail olmalı və bu böhranı həmişəlik olaraq həll etməlidirlər.  İran da bu münaqişənin həlli istiqamətində daim müsbət addımlar atıb.