Azərbaycan Ermənistanın mövqelərinə zərbələr endirdi
https://azeri.sahartv.ir/news/azərbaycan-i275496-azərbaycan_ermənistanın_mövqelərinə_zərbələr_endirdi
Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirib: Ermənistan ordusunun döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə və taborun müdafiə rayonuna atəş zərbələri vurulub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 07, 2017 15:31 Asia/Baku
  • Azərbaycan Ermənistanın mövqelərinə zərbələr endirdi

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirib: Ermənistan ordusunun döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə və taborun müdafiə rayonuna atəş zərbələri vurulub.

İRİB-ın Bakıdakı nümayəndəliyinin Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadla verdiyi məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən əldə olunan dəqiq məlumata əsasən, Ermənistan hərbi birləşmələri növbəti dəfə təxribat törətmək məqsədilə döyüşə hazırlıq vəziyyətinə gətirilib. Ermənistan tərəfindən məqsədyönlü şəkildə yenidən planlaşdırılan təxribatın qarşısının və Alxanlı kəndində həlak olan dinc sakinlərin qisasının alınması üçün iyulun 7-də Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə, xüsusilə də taborun müdafiə rayonunda yerləşən seçilmiş hədəflərinə dəqiq atəş zərbələri vurub. Cəbhənin Füzuli-Xocavənd istiqamətindəki Azərbacyan qoşunlarının həyata keçirdiyi bu fəaliyyət nəticəsində, ilkin məlumata görə, Ermənistanın tabor mərkəzinə daxil olan bölmələrin xeyli canlı qüvvəsi məhv edilib, bir neçə döyüş texnikası tamamilə sıradan çıxarılıb və digər hərbi infrastruktur obyektləri dağıdılaraq bərpa olunmaz vəziyyətə salınıb.

Məlumatda bildirilir: Dinc əhaliyə və şəxsi heyətə qarşı Ermənistanın istənilən fəaliyyətinin qarşısını dərhal almaq və onun atəş nöqtələrinə cavab zərbələri endirmək məqsədilə qoşun növləri və qismləri döyüş tətbiqi üçün hazır vəziyyətə gətirilib. Hazırda bütün cəbhə boyu əməliyyat şəraiti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır.