Şeyx Sərdarın növbəti məhkəmə iclası
-
Şeyx Sərdarın növbəti məhkəmə iclası
Bu gün Şirvan şəhər apelyasiya məhkəməsində Maide.az saytının baş redaktoru Şeyx Sərdar Hacıhəsənlinin şikayəti əsasında məhkəmə prosesi keçirilib.
"Məhkəməyə heç kim buraxılmırdı. Yalnız biz vəkillər və yeddi nəfər ailə üzvü məhkəmədə iştirak edə bildi. Hətta əvvəl bizi də zala buraxmaq istəmirdilər". Bunu vəkil Yalçın İmanov bildirib. O, qeyd edib ki, çoxlu sayda polis əməkdaşı, PPX avtomobilləri ərazidə olub: "Vəkillər buna etiraz əlaməti olaraq məhkəmədə çıxışdan imtina etdi. Yalnız Şeyx Sərdar özü danışdı və qanunsuz həbs edildiyini bildirdi. Qısa müşavirədən sonra hakimlər Masallı rayon məhkəməsinin qərarını qüvvədə saxladı"
Y. İmanov onu da bildirib ki, hökmdən kasasiya şikayəti veriləcək.
Vəkil Cavad Cavadov Maide.Az-a açıqlamasında bildirib ki, məhkəmənin qərarı qüvvədə saxlaması bir daha ədalətsiz addım atıldığını göstərdi. Həmçinin məhkəmədə yaradılan süni maneələr də qəbuledilməzdir.
C. Cavadov Şeyx Sərdarın ona dəstək verən hər kəsə təşəkkür etdiyini də söyləyib.
Qeyd edək ki, prosesdə vəkillər Y.İmanov və Cavad Cavadov bu cür davranışa etirazlarını bildiriblər. Onlar deyib ki, S.Babayevin məhkəməsinin adı "açıq" olsa da, faktiki qapalı keçirilir, araşdırmanı izləməyə gələn şəxslərin məhkəmədə iştirakına imkan verilmir.
S.Babayev özü isə çıxışında haqqındakı hökmün qanunsuz və əsassız olduğunu bildirib. Konkret faktları sadalayan ilahiyyatçı deyib ki, məsciddə namaz qılmağa, xütbə oxumağa görə adamı həbs etmək absurddur. O, hökmün ləğv olunmasını və bəraət verilməsini istəyib.
Xatırladaq ki, bu gün Şirvan şəhər apelyasiya məhkəməsində, namaz məhbusu, Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.az saytının baş redaktoru Şeyx Sərdar Hacıhəsənlinin şikayəti əsasında məhkəmə prosesi keçirilib.
Apellyasiya Məhkəməsində Rafiq Cəlilovun sədrlik etdiyi hakimlər kollegiyası qısa müşavirədən sonra apellyasiya şikayətinin təmin olunmadığını və S.Babayevin 3 il azadlıqdan məhrum edilməsi haqda Masallı Rayon Məhkəməsinin hökmünün qüvvədə saxlandığını elan edib.