Yan 08, 2018 18:03 Asia/Baku
  • Bakıda islamçı məhbuslarla bağlı tədbir keçirilib
    Bakıda islamçı məhbuslarla bağlı tədbir keçirilib

Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının təşkilatçılığı ilə "İslam həmrəyliyi ilində islam məhbusları" adlı elmi praktik konfrans keçirilib.

İslaminSesi xəbər verir ki, konfransda ölkənin ictimai-siyasi xadimləri, tanınmış ziyalıları və ruhani alimləri, ictimaiyyət və media nümayəndələri, o cümlədən məhbus ailələri iştirak ediblər.

Tədbirdə öncə Qurani Kərim tilavət olunub.  Ardınca konfransı giriş nitqi ilə Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli açıb. O, tədbirə təşrif buyuran qonaqları salamlayıb və dəvəti qəbul edib gəldikləri üçün onlara öz təşəkkürünü bildirib.  Rövşən Əhmədli qeyd edib ki, milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi dövlətin əsas siyasi xətti olmalıdır. Lakin təəssüflər olsun ki Azərbaycanın mövcud hakimiyyəti milli –mənəvi və dini dəyərlərimizin qorunmasında misilsiz xidmətlər göstərən inanclılara və ruhanilərə qarşı olduqca sərt mövqe sərgiləyir. Günahsız yerə həbs olunan və uzun müddətə azadlıqdan məhrum edilərək zindanlara salınan inanclıların aqibəti bunu deməyə əsas verir.

Rövşən Əhmədli günahsız yerə həbs olunan və artıq 7 ildir zindanda cəza çəkən AİP lideri  Hacı Mövsüm Səmədovun həyat və fəaliyyətindən də söz açıb. O, əlavə edib ki, doktor Səmədov  haqq  yolunda iri addımlarla irəliləyən, milli-mənəvi dəyərləri özündə birləşdirən ziyalı şəxsiyyətdir. Ona və digər həbsdə olan inanclılara  qarşı yönələn təzyiqlər isə Haqq və batilin mübarizəsinin bariz nümunəsidir. Rövşən Əhmədli bildirib ki, zindan məğlubiyyət demək deyil və sonda Haqqın qələbəsi mütləqdir. 

Daha sonra tədbirdə çıxış üçün söz Azərbaycan İslam Partiyasının sədr əvəzi, ruhani alim Hacı İlham Əliyevə verilib. O, çıxışına AİP lideri Mövsüm Səmədovla tanışlığından başlayıb. Bildirib ki, doktor Səmədovu həbsdə olduğu 7 il ərzində bütün xalq yaxşı tanıdı. Çünki Hacı Mövsüm Səmədov hər zaman xalq üçün yaşayan şəxsiyyətlərdən olub. Dəmir barmaqlıqlar arasında da öz əqidəsini və yolunu uğurla davam etdirir.  AİP-in sədr əvəzi əlavə edib ki, Azərbaycanda hələ də zülmə, ədalətsizliyə göz yuman məmurlar hakimiyyətin yüksək postlarında vəzifə tuturlar. Belə olmasa idi, bir neçə dəqiqəlik fikirlərinə görə, AİP lideri hacı Mövsüm Səmədov 12 il cəza almazdı. Hacı İlham Əliyev qeyd edib ki, biz İslamı düzgün başa düşsək dünya və axirətimizi təmin etmiş olarıq.  Elm nə qədər inkişaf etsə də, İslam dini hər zaman onun önündə olacaq. Bizə sadəcə öz dinimizi düzgün  başa düşmək qalır. Belə olarsa biz layiqincə yaşaya və öz haqlarımızı müdafiə edə bilərik.

Ardınca tədbirdə söz alan Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev də mövzu ətrafında maraqlı fikirlər səsləndirib. O, bildirib ki, Azərbaycanda İslama qarşı çox böyük təzyiqlər mövcuddur. İnanclıların, ruhanilərin həbsi bunun bariz nümunəsidir. Baş verən ədalətsizliyə qarşı mübarizə aparmağın yeganə yolu isə  həmrəy olmaqdan keçir.  Eldəniz Quliyev bir müddət öncə AİP lideri Mövsüm Səmədovla həbsxanada görüşməsindən söz açıb. Bildirib ki, Doktor Səmədova qarşı yönələn təzyiqlər onu zərrə qədər də sarsıtmayıb və əhvalına təsir etməyib. Eldəniz Quliyev çıxışında AİP liderinin və günahsız yerə həbs olunan digər inanclı insanların azadlığa qovuşması istiqamətində real addımların atılmalı olduğunu dilə gətirib.

Tədbirdə Çıxış edən AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova da maraqlı məqamlara toxunub. O, bildirib ki,  həbs olunan inanclı insanlar haqq uğrunda zindana düşüblər. Onlar öz mənfəətləri üçün deyil, Azərbaycan xalqının firəvanlığı yolunda mübarizə aparıblar.

Konfransda çıxış edən digər qonaqlar Doktor Səmədov və həbsdə olan digər ruhanilərin mübarizə əzmindən, onlara qarşı yönələn təzyiqlərdən söz açıblar. Günahsız həbsə məhkum edilən bütün insanların tezliklə azadlığa qovuşmasını Allahdan diləyiblər.

 

Teqlər