Azərbaycan Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinə dair açıqlamasını alqışlayır
Hikmət Hacıyev: “Azərbaycan Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinə dair açıqlamasını alqışlayır”
"Azərbaycan tərəfi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistan-Azərbaycan, Dağlıq Qrabağ münaqişəsinin mərhələli həllinə dair açıqlamasını alqışlayır".
APA-nın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev özünün “Tvitter” səhifəsində yazıb.
Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov 2017-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həllinə mərhələli yanaşma tərəfdarı olduğunu bildirib. “Məsələyə mərhələli yanaşma lazımdır. Bu mərhələli yanaşma nəyi indi etməyin mümkünlüyünü göstərəcək, münaqişənin yekun həlli və Dağlıq Qarabağın statusu ilə bağlı əlavə müzakirəyə ehtiyac olan yolları müəyyən edəcək”, deyə nazir qeyd edib.
Dağlıq Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana qarşı ərazi iddiası qaldırması ilə başlanıb. 1988-ci ildə başlanan münaqişə 1992-ci ildə Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə nəticələndi. Bu hərbi təcavüz nəticəsində Azərbaycanın Dağlıq Qarabağ vilayəti və onun ətrafında yerləşən 7 rayonu Ermənistan tərəfindən işğal edildi.