May 08, 2018 14:36 Asia/Baku
  • İlham Əliyev: Xəzərdə əməkdaşlıq statusdan asılı deyil
    İlham Əliyev: Xəzərdə əməkdaşlıq statusdan asılı deyil

Azərbaycan Respublikası prezidenti bildirib ki, Xəzəryanı ölkələr arasında bu dənizdəki əməkdaşlıqlar Xəzərin hüquqi statusunun qəti müəyyənləşməsindən asılı olmamalıdır.

İlham Əliyev bu gün Rusiyanın Tas xəbər agentliyinə eksklüziv müsahibəsində deyib: Məncə, Xəzər dənizinin hüquqi statusunun qəti müəyyən edilməsi məsələsində əhəmiyyətli fakt odur ki, biz düzgün istiqamətdə irəliləyirik. Qiymətləndirmə və təhlil tələb edilən bütün məsələlərdə meyilləri nəzərə almaq lazımdır. Yəni, bu məsələyə dair qarşılıqlı anlaşmaya nail olmaq meyli hiss olunur və deməliyəm ki, görülməli olan işlərin çox hissəsi artıq yerinə yetirilib. Düşünürəm ki, bütün Xəzəryanı dövlətlər tərəfindən bundan sonra da nümayiş etdiriləcək xeyirxah iradə bu məsələni tənzimləməyə və Xəzər dənizinin statusu məsələsinə bir növ nöqtə qoymağa imkan verəcək. Bununla bərabər, qeyd etməliyəm ki, Xəzər dənizinin statusunun tənzimlənməmiş qalması məsələsi Xəzəryanı dövlətlərin əməkdaşlığının istər çoxtərəfli, istərsə də ikitərəfli formatına əsla təsir göstərmir. 

Azərbaycan Respublikası prezidenti bildirib: Bizim bütün Xəzəryanı ölkələrlə çox sıx, səmimi, real məzmunlu və çox yüksək etimad səviyyəsinə əsaslanan münasibətlərimiz var. Ona görə düşünürəm ki, bütün Xəzəryanı ölkələrin şərik çıxdığı bu yanaşma – Xəzərin statusu məsələsini qonşularla münasibətlərin gündəliyində bir nömrəli məsələ hesab etmək əvəzinə, qüvvələrimizi bu gün həll edilməsi mümkün və lazım olan məsələlər üzərində cəmləşdirməliyik. Bununla da biz həmin məsələnin tənzimlənməsi üçün zəmin yaratmış olarıq. Hesab edirəm ki, beynəlxalq problemlərlə bağlı bütün başqa məsələlərdə olduğu kimi, burada da beynəlxalq hüququn, bu tipli məsələlərin tənzimlənməsində mövcud beynəlxalq praktikanın prinsipləri və tərəflərin xeyirxah iradəsi ilə bağlı məsələlər əsas götürülməlidir. Ona görə də hesab edirəm ki, bu istiqamətdə görülmüş işlər təqdirəlayiqdir. Bu məsələnin bəzi istiqamətləri üzrə irəliləmək üçün planlarımız var. Düşünürəm ki, lap yaxın vaxtlarda biz yaxşı nəticələr görəcəyik.

Teqlər