Gəncə işi və işgəncə
-
Gəncə işi və işgəncə
Gəncə işi” üzrə həbs olunanların yaxınları mayın 7-də Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçiriblər. Amma polis etirazçıları ərazidən uzaqlaşdırıb. Sonradan onlar etirazlarını Ali Məhkəmənin qarşısında davam etdiriblər.
“Gəncə işi” 2018-ci ilin iyulunda Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd, bunun ardından etiraz aksiyasında iki polis əməkdaşının öldürülməsi ilə bağlı başlanan cinayət işidir. Ümumilikdə Gəncə hadisələri ilə bağlı 77 nəfər həbs olunub.
Aksiyada iştirak edənlərdən biri, Sevinc Hüseynova deyir ki, onlar istintaqın düzgün aparılmamasına, həbs olunanlara işgəncələrin verilməsinə etiraz edirlər:
“Bu haqsızlığa niyə göz yumulur? Niyə onlara edilən işgəncələr haqda danışılmır? Şəxsən mənim oğlumun gözünü skoçla bağlayıb, 7-8 nəfər qanına-qəltan olana qədər döyüblər. 10 ay keçib onların ölənə kimi döyülməsinin üstündən hələ də uşağımın başında dəlik kimi yara qalır. Uşağımın səhhətindən xəbərsizik. Bütün bu işgəncələrin nəticəsidir ki, o gün məhkəmədə iki nəfərin halı kəskin pisləşdi”.
İşgəncələri araşdırmaq lazım gələcək
Amma Siyasi Məhbusları Müdafiə Mərkəzinin əməkdaşı Oqtay Gülalıyev deyir: “Gəncə işi ilə bağlı həbs olunan insanlara ifrat ittihamlar irəli sürülüb. Təsəvvür edin cinayət Məcəlləsinin 2-dən başlayaraq, 27-yə qədər müxtəlif maddətləri irəli sürülüb. Onlar dövlətə qarşı çox ağır cinayətlərdə ittiham olunurlar. Bundan başqa, həmin şəxslərə həbs olunan ərəfədə ağır işgəncələr verilib. O şəxslər hələ də bu işgəncələrdən əziyyət çəkirlər. Amma bu işgəncə hallarının araşdırılması, həbs olunanların müalicə və reablitasiyası ilə bağlı heç bir iş görülmür”.
Oqtay Gülalıyev deyir ki, məhkəmələr istintaq sənədlərinə, şahid və zərərçəkənlərin ifadələrinə uyğun qərarlar çıxarır. Heç bir araşdırma aparılmır. O, əlavə edir ki, bu iş üzrə 17 nəfər zərərçəkən, 36 nəfər şahid var. Amma onların hamısı polis əməkdaşlarıdır.
2018-ci il iyulun 3-də Gəncənin ozamankı icra başçısı Elmar Vəliyevə sui-qəsd olub. Bu hadisədən bir həftə sonra Gəncə şəhər İcra Hakimiyyətinin qarşısında toqquşma olub.
Rəsmi məlumata görə, həmin gün Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.
Amma təqsirləndirilənlər bu ittihamları rədd edirlər. Gəncə hadisələrində təqsirləndirilənlərin 98 nəfərə yaxını prezidentə, baş prokurorluğa, Daxili İşlər Nazirliyinə müraciət göndərib. Onlar işin düzgün araşdırılmasını tələb ediblər.