Sabah növbədənkənar parlament seçkilərilə əlaqədar seçki bülletenlərinin çapına başlanacaq
-
Sabah növbədənkənar parlament seçkilərilə əlaqədar seçki bülletenlərinin çapına başlanacaq
Sabah Azərbaycan Respublikasında Milli Məclisə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar Milli Məclisin Mətbəəsində seçki bülletenlərinin çapına başlanacaq.
Bu barədə APA-ya Mərkəzi Seçki Komissiyasının (MSK) Media və ictimai əlaqələr şöbəsindən məlumat verilib.
Azərbaycan Respublikasında Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 5 milyon 387 min 600 ədəd seçki bülleteni çap ediləcək.
Qeyd edək ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 99.4-cü maddəsinə əsasən, MSK-nın qərarı ilə müvafiq poliqrafiya müəssisəsi səsvermə gününə ən azı 10 gün qalanadək seçki bülletenlərinin hazırlanmasını təmin etməlidir.
Fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar bu müddət yanvarın 30-dək olan dövrü əhatə edir.