ATƏT-in seçki hesabatına belə baxırlar
-
ATƏT-in seçki hesabatına belə baxırlar
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkisi ilə bağlı aralıq hesabat yayıb. Hesabtda seçki mühiti tənqid olunur.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyası , yanvarın 30-da Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkisi ilə bağlı aralıq hesabat yayıb. Hesabatda yazılıb ki, bu vaxta qədər seçki ilə bağlı verilən tövsiyələrin bir çoxu yerinə yetirilməyib. Müəlliflər televiziyanın roluna toxunaraq hesab ediblər ki, təşviqat sönük keçir.
Üstəlik, qurum Mərkəzi Seçki Komissiyasının (MSK) bazasında qeydə alınmış seçici ilə Dövlət Statistika Komitəsinin (DSK) məlumatlında səsvermə yaşı olan vətəndaşların sayları arasında 2 milyon nəfərə qədər fərq olduğuna diqqət çəkiblər.
Habelə, vurğulanıb ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına baxmayaraq, məhkumluğun götürülməməsi səbəbindən bəzi şəxslər seçki prosesindən kənarda qalıblar.
Hesabatda həmçinin qeyd edilib ki, bəzi müxalifət partiyaları xüsusilə mediaya çıxışı və təşviqat zamanı sərbəst toplaşmaq azadlığını məhdudlaşdıran mühit səbəbindən seçkiləri boykot etmək qərarına gəldiklərini bildiriblər.
Seçkiyə qatılan qüvvələrdən Müsavat Partiyası da hesabatı müsbət qəbul edir. Bu partiyanın başqanı Arif Hacılı hesab edir ki, aralıq hesabat Azərbaycanda indi mövcud olan gerçək vəziyyətin bir hissəsini kifayət qədər obyektiv əks etdirir. Onun fikrincə, seçki məsələsində ən bərbad vəziyyət seçici siyahıları ilə bağlıdır.
Azərbaycan rəsmiləri isə hesab edirlər ki, mövcud komissiyalar azad və ədalətli seçkilərin keçirilməsinə imkan verir.
Yeri gəlmişkən, yalnız Hakim Yeni Azərbaycan Partiyasının (YAP) bu seçkilərdə qanunvericiliyə əsasən, (60-dan çox dairədə namizədə qeydə alınıb) pulsuz efir vaxti imkanı əldə edib. Amma YAP bu üstünlüyündən istifadə etməyəcəyini açıqlayıb.