Azərbaycan Respublikası XİN: Son iki gündə Rusiyadan Azərbaycana 548 nəfər qayıdıb
Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar tədbirlər çərçivəsində Rusiya Federasiyasında qalaraq ölkəyə geri dönə bilməyən azərbaycanlıların geri qayıtmaları üçün tədbirlərin həyata keçirilməsinə başlanılıb.
APA-nın Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Son günlər ərzində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin dəstəyi, eləcə də Rusiya Federasiyasının aidiyyəti dövlət qurumları ilə əlaqələndirmə və əməkdaşlıq çərçivəsində bir qrup azərbaycanlı sərhəd keçid məntəqəsində əvvəlcədən təyin edilmiş xüsusi dəhliz vasitəsilə ölkəyə qayıdışı təmin edilib.
Ümumilikdə, bu ilin 20 aprel tarixindən etibarən sərhədi 548 nəfər keçib və geri qayıdanların hamısı müəyyən olunmuş müddətə karantinə yerləşdiriliblər.
Xatırladaq ki, Rusiyanin Azərbaycan Respublikası ilə sərhəd məntəqəsində öz ölkələrinə keçə bilməyən azərbaycanlıların etirazları barədə sosial şəbəkələrdə yayılan videolar narazılıqlarla qarşılanmışdı.