Tural Gəncəliyev: "Qarabağın erməni icması azərbaycanlılarla birgə yaşamaqda maraqlıdır"
AzərbaycanRespublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icması Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində azərbaycanlı icma ilə sülh şəraitində birgə yaşamaqda maraqlıdır.
APA-nın məlumatına görə, bunu Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev bildirib. O qeyd edib ki, məlum olduğu kimi, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının fəaliyyətini ən yaxından izləyənlər arasında Dağlıq Qarabağ bölgəmizin erməni icmasından olan xeyli sayda vətəndaşımız var: "Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən qeyri-qanuni şəkildə idarə edilən qondarma rejimin repressiv davranışlarına rəğmən, erməni icmasının üzvü olan sakinlər bizimlə əlaqə saxlayaraq fəaliyyətimizi dəstəklədiklərini və azərbaycanlı icma ilə sülh şəraitində ölkəmizin beynəlxalq tanınmış sərhədləri çərçivəsində birgə yaşamağa hazır olduqlarını bildirmişlər.
Tural Gəncəliyev Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasının Ermənistan daxilindəki siyasi oyunların qurbanı olduqlarını, Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüzün bir alətinə çevrildiklərini başa düşdüklərini bildirib və deyib:Müsbət haldır ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icması daxilində bölgədə ədalətli və davamlı sülhə nail olunması və normal həyatın bərpası üçün münaqişənin yeganə həllinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində iki icmanın birgə mövcudluğundan keçdiyini anlayan şəxslərin sayı kifayət qədər çoxdur və artmaqdadır. Son dövrlər ərzində həm azərbaycanlı icmanın rəsmi sosial media hesablarına, həm də mənim şəxsi hesablarıma erməni icmasının nümayəndələri tərəfindən göndərilən çoxsaylı ismarıclar bunu deməyə əsas verir".
Tural Gəncəliyev erməni icmasının göndərdikləri müraciətlərin anonimliyinin həmin şəxslərin təhlükəsizliyi naminə yekun sülh əldə olunanadək tam qorunacağını bildirib və deyib: Xankəndi şəhərinin millət vəkili olaraq, şəhərin həm erməni, həm də azərbaycanlı sakinlərinin bütün qayğı və problemlərinin həlli istiqamətində çalışdığıma sizləri bir daha əmin etmək istəyirəm. Xankəndinin istənilən erməni əsilli sakini, eynilə azərbaycanlı sakinlər kimi işğalçı Ermənistanın təzyiqlərinə rəğmən sosial media və elektron poçt vasitəsilə bizə öz şikayət və təkliflərini göndərə bilərlər.
Tural Gəncəliyev Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin erməni icmasına xitabən bildirib ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icası sülh naminə icmalararası daha geniş dialoqa hazırdır və bu tezliklə təşkil olunacaq.