Bəzi məmurlar İlham Əliyevin islahat proqramına ciddi yanaşmır
Azərbaycan Respublikasında aparılan sosial, iqtisadi, hüquqi, siyasi islahatlara hələ də uyğunlaşa bilməyən bir sıra dövlət məmurları var.
Bunu Teleqraf Xəbər Portalına açıqlamalasında Dövlət Təhlükəsizlik Xidmətinin Biləsuvarda həyata keçirdiyi əməliyyata münasibət bildirən politoloq Yusif Bağırzadə deyib.
Onun sözlərinə görə, ölkə başçısı tərəfindən dəfələrlə ictimaiyyət qarşısında vəzifəli şəxslərə, xüsusilə icra başçılarına ciddi şəkildə xəbərdarlıq edilib. O cümlədən, vətəndaşlara münasibətdə səmimi olmaları, özlərini təkəbbürlü aparmamaları, rüşvət və korrupasiya hallarına yol verməmələri ilə bağlı dəfələrlə çox sərt şəkildə tapşırıqlar verilib. Lakin bəzi məmurlar hələ də bu xəbərdarlıqlardan nəticə çıxarmırlar.
Xatırladaq ki, ötən 5 ay ərzində prezident İlham Əliyevin sərt çıxışları fonunda Ağstafa, Yevlax, Neftçala, Biləsuvar rayon İcra Hakimiyyətlərinin başçıları həbs olunub, 2 icra başçısına isə töhmət verilib.
Yusif Bağırzadə deyib: "Bəzi məmurlar köhnə metodlarla işləməklə öz səlahiyyətlərindən sui-istifadə edir, ciddi qanun pozuntularına yol verirlər. Korrupsiya, rüşvətxorluq belə məmurların həyat tərzinə çevrilib".
Politoloq qeyd edib ki, korrupsiya və rüşvətxorluğa, dövlət əmlakının mənimsənilməsinə qarşı həyata keçirilən tədbirlər təkcə icra başçılarına aid deyil, digər bütün vəzifəli şəxslərə də verilmiş bir mesajdır. Yeni baş prokurorun təyin edilməsi ilə tez-tez bu tip əməliyyatlar həyata keçiriləcək.
BƏZİ MƏMURLAR ƏLİYEVİN İSLAHAT PROQRAMINA CİDDİ YANAŞMIRLAR