600-ə yaxın Azərbaycan vətəndaşı Dərbənddə qeyri-müəyyən vəziyyətdədir
Karantin rejimi ilə əlaqədar qadağa səbəbindən ölkəyə qayıda bilməyən 600-ə yaxın Azərbaycan vətəndaşı Dağıstanda Azərbaycan-Rusiya sərhəddində toplaşıb. Son günlər onlar faktiki olaraq Dərbənd rayonunun Qullar qəsəbəsi yaxınlığında küçədə qalıblar.
TURAN xəbər agentliyi sərhəddə qalanlara istinadla bildirir Onlardan biri, , Dərbənd azərbaycanlıları onları öz mehmanxanalarında yerləşdirərək sığınacaq veriblər. Yerli sahibkarlar da adamların qidalanmasını öz üzərinə götürüblər.
Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahdan Turan-ın müxbirinə bildiriblər ki, karantin rejiminə görə sərhəd bağlı qalır. Azərbaycan vətəndaşları yalnız mütəşəkkil qaydada diplomatik nümayəndəliklərdə qeydiyyatdan keçərək qayıda bilər.
Dərbənddə naməlum şəraitdə gözləyən azərbaycanlılar isə deyirlər ki, "biz özümüz sərhədə çatmışıq. Problem nədir, qoy, bizi buraxsınlar, karantini gözləməyə hazırıq. Qoy, bizi çadırlara yerləşdirsinlər. Ancaq bir müəyyənlik olacaq, biləcəyik ki, iki həftədən sonra evimizə qayıdacağıq”,
Dərbənd rayonu icra başçısının səlahiyyətlərinin icraçısı Fuad Şıxıyev mayın 3-də İnstaqram səhifəsində bildirib ki, rayon ərazisində sərhəddin açılmasını gözləyən 600-ə yaxın Azərbaycan vətəndaşı var. Onlar evə qayıtmaq üçün dəhlizin açılmasını gözləyirlər. O qeyd edib ki, Azərbaycan vətəndaşları “4 mayda sərhəddin açılacağını bildirən qohumlarının sözləri ilə çaş-baş qalıblar”.
F.Şıxıyev qeyd edib ki, hələlik heç kim dəhlizin açılması üçün dəqiq tarix verə bilməz.