"Qarabağ mövzusu sadə ermənilərin gözündə getdikcə daha çox aktuallığını itirir"
Rusiyalı tarixçi-qafqazşünas, politoloq Oleq Kuznetsov bildirib ki, koronavirus şəraitində Dağlıq Qarabağ mövzusu sadə ermənilərin gözündə getdikcə daha çox aktuallığını itirir.
Politoloq Axar.az Xəbər Portalı ilə müsahibədə vurğulayıb ki, şübhəsiz, Ermənistanda siyasi rejimin dəyişməsi, Qarabağ klanının və ya Dağlıq Qarabağın erməni separatçılarının qanunsuz silahlı birləşmələrinin səhra komandirlərinin hakimiyyətdən uzaqlaşdırılması bu tendensiyanın formalaşmasında prinsipial rol oynayıb. Lakin bu transformasiyanın başlanğıc nöqtəsi 2016-cı ilin aprel döyüşlərində baş verib. Məhz onda hamıya aydın oldu ki, Azərbaycan öz ərazi bütövlüyünü güc yolu ilə də bərpa etməyə qadirdir: “Buna görə də hazırkı şəraitdə İrəvanın vəziyyətdən yalnız bir ağıllı çıxış yolu var – ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə planını yerinə yetirmək və işğal edilmiş bütün torpaqları mərhələli şəkildə Azərbaycanın yurisdiksiyasına qaytarmaq”.
Qeyd edək ki, bu günlərdə Ermənistanın Qarabağ münaqişəsinin mərhələli həllinə razılıq verməsi barədə məkumatlar yayılmaqdadır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov da təsdiqləyib və hətta masa üzərində sənədlərin olduğunu bəyan edib.
Erməni müxalifəti bu tendensiyadan narahatdır və Nikol Paşinyan hökumətini əraziləri qaytarmağa hazırlaşdığı üçün xəyanətdə ittiham edir.
Hələlik mümkün razılaşmanın təfərrüatı açıqlanmır və yalnız 5 rayonun Azərbaycana qaytarılması müqabilində kommunikasiya xəttlərinin açılması ehtimalı irəli sürülür.
QARABAĞ MÖVZUSU SADƏ ERMƏNİLƏRİN GÖZÜNDƏ AKTUALLIĞINI İTİRİR