Azərbaycan və Türkmənistan arasında;
Xəzərin dibi ilə kabel xəttinin çəkilməsi şərtlərini müzakirə edilib
Azərbaycan Respublikasının rabitə operatoru “AzerTelecom” MMC və Türkmənistanın Dövlət Telekommunikasiya Şirkəti “Turkmentelecom”un nümayəndələri arasında onlayn görüş baş tutub.
SəhərAzəri - “Report” Türkmənistanın Dövlət İnformasiya Agentliyinə istinadən xəbər verir ki, onlayn iclasın əsas mövzusu Azərbaycan-Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili haqqında layihənin həyata keçirilməsi olub.
Qeyd olunub ki, qədim zamanlarda Böyük İpək Yolunun keçdiyi ərazini əhatə edən bu layihənin həyata keçirilməsi Türkmənbaşı və Siyəzən şəhərlərini birləşdirəcək, eləcə də Asiya ilə Avropa arasındakı telekommunikasiya körpülərinin yaxşılaşdırılması sahəsində əməkdaşlığı gücləndirəcək.
Agentlikdən verilən məlumata görə, telekommunikasiya sahəsinə investisiyaların cəlb edilməsinə xüsusi diqqət yetirilib, eyni zamanda fiber-optik rabitə xətlərin birgə tikintisi, istismarı, xidmət göstərilməsi və qorunması şərtləri müzakirə olunub.