İyun 07, 2020 08:26 Asia/Baku
  • DİM onlayn imtahanların ilk sınağını keçirib

Azərbaycanda DİM mütəxəssisləri tərəfindən hazırlanan və onlayn imtahanların keçirilməsi üçün nəzərdə tutulan “ProctorDİM" xüsusi proqram təminatı vasitəsilə ödənişsiz sınaq imtahanları keçirilib.

SaharAzeri APA-ya istinadla xəbər verir, imtahanlar 5 iyun saat 11:00, 12:00 və 13:00-da olmaqla 3 seansda keçirilib və ümumilikdə 147  nəfər iştirak edib. 20 nəfər imtahan iştirakçısına proqramla bağlı nəzarətçilər tərəfindən texniki dəstək göstərilib.

İmtahanlarda iştirak etmək üçün qeydiyyat 4 iyun tarixində DİM-in saytı vasitəsilə aparılıb və 2 saat ərzində icazə verilən 300 nəfərlik yer dolub. İmtahanda iştirak ödənişsiz olub.

İstifadəçilər proqram vasitəsilə tədrisi Azərbaycan dilindən fərqli dildə olan 11-ci sinif şagirdlərinin Azərbaycan dili (dövlət dili) imtahanını veriblər.

Xatırladaq ki, proqramda bir çox təhlükəsizlik məsələləri nəzərə alınıb. Proqram işə salındığı andan etibarən istifadəçinin ekranı, eləcə də kamera vasitəsilə istifadəçinin özü videonəzarətə götürülür və bütün imtahan prosesi videoya çəkilərək mərkəzə ötürülür.

İstifadəçilərin imtahana daxil ola bilmələri üçün üztanıma proqramı vasitəsilə şəxsiyyətləri dəqiqləşdirilib.

Bütün imtahan prosesi nəzarətçilər tərəfindən onlayn izlənilib. İmtahan başa çatan kimi istifadəçilər topladıqları bal haqqında məlumat alıblar.

 

Teqlər