Deputat: “Ermənistan danışıqlar prosesini pozmağa çalışır”
Soltan Məmmədov: “Ermənistanın məqsədi danışıqlar prosesini pozmaqdır”
Deputat: “Ermənistan rəhbərliyinin son bəyanatları, atdığı addımlar bir daha göstərir ki, onların yeganə məqsədi danışıqlar prosesini pozmaq, hazırkı status-kvonu qoruyub saxlamaqdır. Lakin bu vəziyyət sonsuza qədər davam edə bilməz”.
SəhərAzəri bildirir ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Soltan Məmmədov bu fikirləri APA-ya verdiyi müsahibədə səsləndirib.
O qeyd edib ki, Prezident İlham Əliyevin Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında münaqişənin həlli ilə bağlı söylədiyi fikirlər Azərbaycanın prinsipial mövqeyini əks etdirir: “Azərbaycanın ərazi bütövlüyü təmin olunmadan davamlı və etibarlı sülhün əldə edilməsi mümkünsüzdür. Cənab prezidentin də vurğuladığı kimi, sülhə nail olmaq üçün Ermənistan silahlı qüvvələri işğal olunmuş əraziləri tərk etməlidir. Beynəlxalq hüquq baxımından və münaqişənin ədalətli həlli üçün bu ən mühüm məsələdir. Bu, nə qədər tez baş versə o qədər hamı üçün faydalı olar. Azərbaycan onsuz da gec-tez öz torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcək. Bu Azərbaycan xalqı və dövləti üçün həyati əhəmiyyət kəsb edən bir məsələdir”.