Azərbaycan MN Ermənistanın yeni təhdidinə cavab verdi
https://azeri.sahartv.ir/news/azərbaycan-i365974-azərbaycan_mn_ermənistanın_yeni_təhdidinə_cavab_verdi
Azərbaycan Müdafiə Nazirliyi Gəncə şəhərinin Ermənistan tərəfindən hədəfə alına bilməsi barədə sərt xəbərdarlıq etdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 15, 2020 04:05 Asia/Baku
  • Azərbaycan MN Ermənistanın yeni təhdidinə cavab verdi

Azərbaycan Müdafiə Nazirliyi Gəncə şəhərinin Ermənistan tərəfindən hədəfə alına bilməsi barədə sərt xəbərdarlıq etdi.

Səhər Azəri bildirir ki, bu məsələ Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin yaydığı bəyanatda qeyd olunub. 
Nazirliyin yaydığı bəyanatda bildirilir ki, Ermənistan tərəfinin səsləndirdiyi fikirlər heç bir mahiyyət kəsb etmir və Azərbaycanın Gəncə şəhərinin atəşə tutulması ilə bağlı Ermənistan tərəfindən irəli sürülən hədələr düşmənin növbəti hərbi avantürası olmaqla yanaşı işğalçılıq siyasətinin göstəricisidir və bu onların növbəti təxribat əməlləri törətmək niyyətindən xəbər verir.

Həmin bəyanata əsasən, Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə yaşayış məntəqələri və dinc əhalini atəşə tutaraq bir nəfər kənd sakinini qətlə yetirən düşmən təxribatının qarşısı Azərbaycan Ordusunun bölmələri tərəfindən qətiyyətlə alındı.

Mülki obyektlərin və yaşayış məntəqələrinin hədəfə alınması Ermənistan silahlı qüvvələrinin standart praktikasıdır. 2016-cı il aprel hadisələri, Tovuz rayonu istiqamətində baş vermiş döyüş toqquşmaları zamanı da Ermənistan silahlı qüvvələri tərəfindən mülki obyektlərin hədəfə alınması və dinc sakinlərin qəsdən öldürülməsi kimi əməllərin şahidi olduq.

Müdafiə Nazirliyi bir daha bildirib ki, Azərbaycan Ordusu Ermənistanın bütün atəş nöqtələrini, hərbi dayaq məntəqələrini və digər legitim hərbi hədəflərini məhv etmək potensialına malikdir və buna qadirdir. Ermənistanın hər bir təxribatının qarşısı Tovuz döyüşlərində olduğu kimi qətiyyətlə alınacaq və bu kimi təxribatların törədilməsinə görə bütün məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcəkdir.