Avq 24, 2020 21:33 Asia/Baku
  • Tehranda Tovuz döyüşlərində şəhid olan hərbçilər anıldı

Bu gün Tehranda Azərbaycan Respublikasının səfirliyi önündə Tovuz döyüşlərində şəhid olan hərbçilərin xatirəsinə anım mərasimi keçirilib.

Səhər Azəri bildirir ki, bir qrup iranlı tələbə bu gün Tehranda Azərbaycan səfirliyinin önündə Tovuz döyüşlərində şəhid olan hərbçilərin xatirəsini yad edib.

Bu tədbirdə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən şəhid olan azərbaycanlı hərbi qulluqçuların xatirəsi anılıb.

General Polad Həşimov başda olmaqla Tovuz döyüşlərində şəhid olan hərbçilərin şəhadətinin qırxıncı günü münasibətilə keçirilən bu anım tədbirində iştirak edənlər əllərində şəhidlərin fotoşəkillərini və qırmızı qərənfillər tutub, şəhidlərə Allahdan rəhmət diləyiblər.

İran və Azərbaycan arasında dostluq və qardaşlıq münasibətinin bariz nümunəsi sayılan bu tədbirin sonunda bir bəyanat yayılıb:

"Bağışlayan və mehriban Allahın adı ilə.

Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin önü. Azərbaycan Respublikası hərbçilərinin şəhadətinin qırxıncı günü münasibətilə İran xalqının həmrəylik bəyanatı. 

Dost və qardaş ölkə olan Azərbaycan Respublikası ordusunun ən yaxşı hərbçilərindən bir qrupunun Tovuz məntəqəsində gedən döyüşlərdə şəhid olmasının qırxıncı günündə bu ölkənin Tehrandakı səfirliyi önündə bir araya gələrək, haqq yolu şəhidlərinin əziz ruhuna dərin hörmətimizi bəyan etməklə yanaşı, əziz Qarabağın İslam Dünyasına və Azərbaycan Respublikasına aid olduğuna bir daha təkid və böyük İran xalqı adından Azərbaycanın müsəlman və qeyrətli xalqını hərtərəfli formada himayə etməyə hazır olduğumuzu elan etməyi özümüzə borc bildik.

Heç şübhəsiz bütün işğalçıların məğlub olması ilə İslam torpaqları, Şərəfli Qüds və əziz Qarabağ yenidən İslam Ümmətinə qovuşacaq.

Allahdan son döyüşlərdə şəhid olan Azərbaycan hərbçilərinə rəhmət və Azərbaycan xalqına xüsusilə də əziz şəhid ailələrinə səbr diləyirik.  

Əziz İran xalqı adından bir qrup gənc və tələbə."

24.08.2020

 

Teqlər