“Ermənistan yeni ərazilər işğal etmək istəyir”
https://azeri.sahartv.ir/news/azərbaycan-i366585-ermənistan_yeni_ərazilər_işğal_etmək_istəyir
Azərbaycan Respublikasının XİN başçısı Ermənistanın yeni ərazilər işğal etməyə çalışdığını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 29, 2020 05:54 Asia/Baku
  •  “Ermənistan yeni ərazilər işğal etmək istəyir”

Azərbaycan Respublikasının XİN başçısı Ermənistanın yeni ərazilər işğal etməyə çalışdığını bildirib.

Səhər Azəri bildirir ki, Ceyhun Bayramov Rusiyanın TASS Xəbər Agentliyinə verdiyi müsahibədə deyib: " Rəsmi Bakı sərhədin Tovuzdan keçən hissəsində baş verən hücumu Ermənistan tərəfindən Azərbaycan Respublikasına qarşı növbəti təcavüz aktı kimi qiymətləndirir. Ermənistan Azərbaycanın yeni ərazilərini işğal etmək istəyir. Hərbi hücum Ermənistan tərəfindən qabaqcadan planlaşdırılmışdı və bu ölkənin müdafiə nazirinin bəyan etdiyi strategiyaya əsaslanırdı. Həmin strategiya isə “təhlükəsizlik baxımından əlverişli vəziyyətin yaradılması məqsədilə qabaqlayıcı zərbələr”in endirilməsi və “yeni ərazilər uğrunda yeni müharibə”nin başladılmasını nəzərdə tutur."

Azərbaycanlı nazir qeyd edib ki, təcavüzkar hərbi doktrinaya əsaslanan Ermənistan həmin hücumu özünün hərbi və siyasi hesablamalarından çıxış edərək həyata keçirib. Ermənistan sərhədin Tovuzdan keçən hissəsini qəfil hücum üçün ən uyğun yer hesab edib. Açılan atəşin miqyası və intensivliyi göstərir ki, erməni tərəfi bu hücumu əvvəlcədən planlaşdırıb və fəal hərbi qarşıdurma zonasına aid olmayan bu istiqamətdə xeyli sayda silah-sursat toplayıb.

Ceyhun Bayramov əlavə edib: "Azərbaycanın sərhədyanı ərazilərinin və orada yerləşən mülki obyektlərin intensiv artilleriya atəşinə məruz qoyulması dinc əhali arasında təşviş yaratmaq, insanları öz evlərini tərk etmək məcburiyyətində qoymaq məqsədi daşıyırdı. Üstəlik, hücum Azərbaycanın miqyaslı enerji və nəqliyyat infrastrukturunun yerləşdiyi bölgə istiqamətində həyata keçirilib."

O həmçinin Ermənistan rəhbərliyinin son bəyanatyına da diqqət çəkib. "Erməni liderlər Azərbaycana qarşı ərazi iddialarını açıq şəkildə bəyan edir, yaşayış məntəqələrinə, o cümlədən ölkənin ikinci böyük şəhəri olan Gəncəyə zərbə endirməklə hədələyir, danışıqların bərpası üçün məntiqsiz şərtlər irəli sürür"- deyə Bayramov bildirib. 

Azərbaycanın xarici işlər naziri ümidvarlığını bildirib ki, beynəlxalq birlik və ilk növbədə ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanı status-kvonun saxlanılması siyasətindən imtinaya, substantiv danışıqlara başlamağa məcbur edəcək.