Azərbaycan Respublikasında 10 Noyabr Zəfər Günü kimi təsis olunub
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bu ölkədə Zəfər Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb.
SəhərAzəri Apa-ya istinadla xəbər verir ki, sərəncamda deyilir: "44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi.
Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkə xalqının qüdrətinin və milli qürurunun təntənəsinə çevrilən, Azərbaycan dövlətinin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə qərara alıram:
1. Hər il noyabrın 10-u Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.
Azərbaycan Respublikasının prezidenti həmçinin sentyabrın 27-ni, bu ölkə ordusunun Qarabağ bölgəsində erməni qüvvələrin işğalı altında olan rayonların azad edilməsi üzrə əməliyyatının başlandığı günü, «Şəhidlərin xatirəsinin anım günü» adlandırıb.