Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyaya səfər edib
Dekabrın 25-də Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasına səfər edib.
SəhərAzəri Apa-ya istinadən xəbər verir ki, səfər zamanı Azərbaycan nümayəndə heyəti Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Görüş zamanı iki ölkə arasında iqtisadi-ticarət, yol-nəqliyyat, energetika, infrastruktur sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri haqqında müzakirələr aparılıb.
Ticarət sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub, qarşılıqlı ticarət dinamikasının mövcud vəziyyəti və artım imkanları, o cümlədən Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracı barədə ətraflı fikir mübadiləsi aparılıb. Qarşılıqlı investisiya qoyuluşu sahəsində icrada olan layihələr barədə danışıqlar aparılıb, qarşılıqlı investisiyalar həcminin 6 milyard ABŞ dollarından çox olduğu qeyd olunub.
Nəqliyyat sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğu və dinamik inkişaf etdiyi, Şimal-Cənub beynəlxalq nəqliyyat koridoru üzərində bu ilin 10 ayı ərzində yükdaşımalarda 18% artım olduğu qeyd edilib. Nəqliyyat-tranzit sahəsində yeni imkanlar müzakirə olunub.
Energetika sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub, Azərbaycan-İran-Rusiya enerji sistemlərinin birləşdirilməsi layihəsinin reallaşdırılması istiqamətində aparılan işlər qeyd olunub.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.