Ekspert korrupsioner məmurların sonradan azadlığa çıxmasına etiraz edir
İqtisadçı ekspert Azərbaycanda korrupsioner məmurların azadlığa çıxmasına mane olan qanunun hazırlanmsını tələb edib.
SəhərAzəri xəbər verir, İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat” qəzeti ilə müsahibədə deyib ki, məmurların oğurladıqlarını geri almaq mexanizmi olmalıdır: “Bu mexanizm şəffaf və işlək olmalıdır. Söhbət tək Cinayət Məcəlləsindən yox, ümumilikdə yeni bir qanunvericilik təşəbbüsləri lazımdır. Çünki görünən odur ki, bir müddətdən sonra korrupsiyaya görə tutulan bəziləri azadlığa çıxırlar. Sanki heç nə baş verməyib. Ona görə də yeni qanunvericilik təşəbbüsləri lazımdır ki, maliyə resurslarının əldəetmə mexanizimləri aradan qalxsın. Ümumiyyətlə, korrupsiyaya yol açan mexanizmi aradan qaldırmaq lazımdır.
Ekspertin sözlərinə görə, büdcəni talamaq, korrupsiya ilə məşğul olmaq fürsətləri varsa, bunlar cəzasızlıq mühitində fəaliyət göstərirlərsə, o zaman bu məsələlərin qarşısını almaq çətin olacaq.
Xatırladaq ki, Azərbaycanda korrupsioner sabiq məmurların həbsi davam edir. Son olaraq, 2013–2018-ci illərdə əmək və əhalinin sosial müdafiəsi naziri postunu tutmuş Səlim Müslümov qandallanıb. Səbayel Rayon Məhkəməsi sabiq nazirin barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Səlim Müslümovdan əvvəl isə Ramiz Mehdiyevə yaxınlığı ilə tanınan “Baku Stell Company” rəhbəri Rasim Məmmədov həbs alınıb. İlkin ittihama görə, Rasim Məmmədov vəzifədə olarkən 55 milyon manat vəsaiti ələ keçirib.
Natiq Cəfərli deyib ki, vəzifədən çıxarılan məmurlar, nazirlər haqda hətta hökumət mediası da yazır. Halbuki belə olmamalıdır. Bu problem aradan qalxmalı, vətəndaş nəzarəti təmin edilməlidir ki, korrupsiya ilə mübarizədə ciddi nailiyyətlər əldə olunsun.