İşğaldan azad edilmiş bölgələrdə mina problemi
Ermənistanın mina xəritələrini Azərbaycana verməməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edilib
SəhərAzəri xəbər verir ki, Azərbaycanın vətəndaş cəmiyyəti qurumları Ermənistanın minalanmış ərazilərin xərtələrini Azərbaycana verməməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər.
Müraciətdə deyilir:
"BMT və beynəlxalq qurumlar işğaldan azad edilmiş Azərbaycan ərazilərini kütləvi şəkildə minalarla və təhlükəli döyüş sursatları ilə çirkləndirən, yaşayış məskənlərini, kəndləri, şəhərləri viran edərək yer üzündən silmiş erməni hərbi birləşmələrinin qanunsuz əməllərinə biganə qalmamalıdır. Otuz il Ermənistan silahlı birləşmələri tərəfindən işğal altında saxlanılan Azərbaycan əraziləri talan edilməklə yanaşı, yandırılaraq məhv edilib. Bu ərazilər sözün əsl mənasında ekoloji fəlakət dövrü yaşayır.
Ermənistan hərbi birləşmələrinin Azərbaycanla dövlət sərhədləri boyunca və Qarabağda törətdiyi təxribatlara cavab olaraq başlayan müharibə nəticəsində 44 gün ərzində azad edilən Azərbaycan əraziləri ciddi şəkildə mina problemi ilə üz-üzə qalıb. Son 4 ay ərzində 40-dək mülki şəxs işğal altındakı ərazilərə, öz dədə-baba torpaqlarına, əvvəllər yaşadıqları ərazilərə, məzarlıqlara səfər edərkən minaya düşərək həlak olmuş və ya ağır yaralanmışlar. Erməni tərəfi etimad mühitinin yaradılmasına adekvat münasibət sərgiləmədən, mülki-humanitar hüququn prinsiplərini kobud şəkildə pozaraq minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməkdən imtina edir. Bu da 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyasına və 1977-ci ildə əlavə edilmiş protokollara kobud şəkildə ziddir".
Müraciətdə beynəlxalq təşkilatlar bu problemin həllində yardımçı olmağa və Ermənistana təzyiq göstərməyə çağırılır.