SOCAR-dan “Ümid” yatağı ilə bağlı AÇIQLAMA
SOCAR bir neçə ildən sonra Xəzərin Azərbaycan sektorunda yerləşən “Ümid” yatağında ikinci hasilat platformasını tikib istismara verməyi planlaşdırır.
SəhərAzəri xəbər verir ki, bu barədə Oxu.Az-a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.
Onun sözlərinə görə, “Ümid-2” saylı platformanın layihələndirmə işləri hazırda davam edir:
“Yatağın şimal qanadının tam miqyaslı işlənməyə cəlb edilməsi üçün “Ümid-2” saylı platformanın layihələndirmə işləri hazırda davam edir. Platformanın bir neçə il sonra tikilib istismara verilməsi nəzərdə tutulur”.
Qeyd edək ki, 2009-cu ildə SOCAR Xəzərin Azərbaycan sektorunda, “Ümid” strukturunda dərin axtarış-kəşfiyyat qazmasına başlayıb və 2010-cu ilin noyabrında “Ümid” nəhəng qaz-kondensat yatağı kəşf edilib.
“Ümid” strukturunun karbohidrogen ehtiyatları 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat həcmində qiymətləndirilir.