Avropalıların erməni dərdi
Avropa İttifaqı Ermənistanın müdafiəsinə qalxdı
Avropa İttifaqı Ermənistanla Azərbaycan arasında münaqişə zamanı əsirlərlə bağlı bəyanat yayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Aİ-nin bəyanatda deyilir: Avropa İttifaqı tərəflərin 9 noyabr 2020-ci il tarixində nail olduqları atəşkəs sazişindən sonra atəşkəs rejiminin möhkəmləndirilməsini və cəsədlərin verilməsi, münaqişə zamanı zərər çəkmiş əhaliyə humanitar yardımın göstərilməsi məsələlərində əldə edilmiş bir sıra müsbət nəticələri alqışlayır.
"Lakin Avropa İttifaqı bir daha bəyan edir ki, hər iki ölkə arasında etimadın möhkəmləndirilməsi və davamlı sülhə doğru irəliləyişə nail olunması üçün yeni səylər lazımdır. Bu, düşmənçilik və təhqiramiz ritorikanın dayandırılmasını, həbs edilmə şəraitindən asılı olmayaraq, digər hərbi əsirlərin və saxlanılmış şəxslərin tez bir zamanda geri qaytarılmasını, həmçinin minalardan təmizləmə də daxil olmaqla, digər mühüm məsələlər üzrə əməkdaşlığı əhatə edir".
Rəsmi Bakı Qərb dövlətlərinin Qarabağ münaqişəsinə ikili standartlar əsasında yanaşmaqda ittiham edir və əsirlər məsələsinin bitdiyini vurğulayır. Qeyd olunur ki, ötən il noyabrın 9-dan sonra tutulmuş erməni hərbçilər terrorçu qismində mühakimə olunacaq. Eyni zamanda avropalılardan istənilir ki, yeni reallıqlarla barışaraq Ermənistanı minaların xəritəsini verməyə və sülhün bərqərarına təşviq etsinlər. Əks təqdirdə revanşist qüvvələr sülh prosesinə ziyan vuracaqlar.