Lavrov hansı təklifləri gətirir?
Rusiya XİN başçısı bu gün Azərbaycana gəlir
Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bu gün Azərbaycana səfər edəcək.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiya xarici siyasət idarəsinin rəhbərinin Qarabağda vəziyyətin müzakirəsi üzrə bir sıra görüşləri planlaşdırılıb. Sergey Lavrov çərşənbə axşamına qədər Azərbaycan paytaxtında qalacaq.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Azərbaycanın rəhbərliyi ilə görüşlərdə ikitərəfli və regional əməkdaşlıq məsələlərinin, həmçinin beynəlxalq arenada qarşılıqlı fəaliyyətin geniş dairəsinə baxılması güman edilir.
“Əsas diqqət Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının həyata keçirilməsinin praktik aspektlərinə ayrılacaq", - deyə o qeyd edib.
Azərbaycanda Lavrovun səfəri öncəsi bir sıra politoloqlar xəbərdarlıq ediblər ki, Rusiya erməni qaçqınların Hadruta qaytarılmasını və orada onların təhlükəsizliyi məsələsini qaldırmaq istəyir. Ancaq rəsmi Bakı bunu qəbul etməməlidir. Çünki Rusiyya öz sülhməramlılarının fəaliyyət coğrafiyasını genişləndirmək niyyətindədir.
Sergey Lavrov mayın 5-6-da Ermənistana səfər edib. Rusiyalı nazir Yerevanda erməni həmkarı Ara Ayvazyan və baş nazir Nikol Paşinyan tərəfindən qəbul edilib.