May 13, 2021 12:03 Asia/Baku
  •  “Din xadimlərimiz 44 gün ərzində cəmiyyətdən ayrılmadı, öndə oldular”.

Bu gün ramazan bayramı münasibəti ilə Təzəpir məscidində keçirilən bayram namazından sonra Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə müxbirlərə verdiyi açıqlamada deyib: “Vətən müharibəsində din xadimləri arasında şəhidlər, qazilər olub”

SəhərAzəri-nin məlumatına əsasən, QMİ sədri bu gün müxbirlərə verdiyi müsahibədə deyib: “Qələbəni qazanmaq üçün dövlət və xalq birliyi, iman lazım idi. Azərbaycan xalqı bu qələbəni qazandı. Ali baş Komandanın dediyi kimi, bir yumruq kimi birləşdik və erməni faşizmini məhv edə bildik”.

A. Paşazadə qeyd edib ki, Prezident İlham Əliyev Şuşada Cıdır düzündə çıxışında bildirib ki, bu yumruğun içərisində dindarlarımız da var: “Buna görə Ali Baş Komandana təşəkkürümüzü bildiririk. Həqiqətən belə oldu. Din xadimlərimizə bu dövrdə fəaliyyətlərinə görə təşəkkürümü bildirirəm”.

QMİ sədri qeyd edib ki, din xadimləri arasında da şəhidlər, qazilər olub: “Din xadimlərimiz 44 gün ərzində cəmiyyətdən ayrılmadı, öndə oldular”.

QMİ sədri həmçinin qeyd edib ki, son yüzillikdə İslam dünyasının azad edilən torpağı olmamışdı və İlk dəfə xalq-dövlət birliyi ilə bu qələbəyə nail olduq. Allahşükür Paşazadə bu qələbəni saxlamaq üçün gənclər arasında daima məarifləndirmə işlərinin aparılmasını vurğulayıb.

Qeyd edək ki, ikinci Qarabağ müharibəsində ruhanilərdən əlavə, şəhadət məktəbinin yetişdirmələri özlərindən böyük qəhrəmanlıq nümayiş etdirdilər və bir çoxu öz arzuları olan şəhadət zirvəsinə də nail oldular.

Teqlər