Minsk qrupunun həmsədrləri rol oynamaqda israrlıdırlar
Azərbaycan-Ermənistan sərhədindəki günlərlə davam edən gərgin situasiya iyunun 2-də Vyanada görüşən ATƏT-in Minsk qrupu həmsədrlərinin əsas müzakirə mövzularından olacaq.
SəhərAzəri-nin Sputnik Azərbaycana istinadən verdiyi məlumata görə, Rusiyanın ATƏT yanında daimi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib ki, ATƏT-in Minsk qrupu həmsədrləri iyunun 2-də Avstriya paytaxtında Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edəcəklər.
Aleksandr Lukaşeviç söyləyib ki, bu günlərdə Vyanada üç həmsədr bir sıra qurumlarla, fəaliyyətdə olan sədrlə, Minsk qrupunun üzvləri ilə məsləhətləşmələr aparırlar, odur ki, bu məsələdə hansısa təkliflər gözləməyə dəyər.
Daimi nümayəndə regionda nəqliyyat kommunikasiyalarının açılması ilə əlaqədar hər şeyin qəliz olduğunu bildirərk deyib:” həmsədrlər qoyulmuş məsələlərin məcrasında necə hərəkət edəcəklərinə dair resept verməkdə çətinlik çəkirlər”.
ATƏT-ə gəlincə, daimi nümayəndənin fikrincə, təşkilat münaqişə tərəflərilə dil tapmağa çalışır və bu strukturun konkret rolunu təyin etmək hələ ki çətindir
Minsk qrupunun fəaliyyəti ilə əlaqədar isə “Əlbəttə, əvvəllər tətbiq olunan müşahidə funksiyaları indi, çətin ki, reallaşdırılsın, çünki artıq yeni mexanizmlər, yeni reallıqlar işə düşüb”, - deyən Lukaşeviç yerlərdə müəyyən funksiyaları icra edən Rusiya sülhməramlılarını xatırladıb.