İyun 09, 2021 13:06 Asia/Baku
  • Qaradağ Rayonunun icra başçısı həbs oluna bilər

Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov korrupsiya ittihamı ilə üzləşə bilər.

SəhərAzəri-nin məlumatına əsasən, icra başçısının illərlə topladığı, sürücüsü Mahirin və onun yaxınlarının adına rəsmiləşdirdiyi əmlaklar əlindən çıxıb.

Yeni Müsavat qəzeti bu barədə yazır: Sürücüsü Süleyman Mikayılovdan xəbərsiz özünün və yaxınlarının adına olan, dəyəri bir neçə milyonla ölçülən əmlakları müxtəlif şəxslərə satıb. Bir neçə gün əvvəl isə koronavirus infeksiyasına yoluxma adı ilə işə çıxmayıb. Süleyman Mikayılov nə baş verdiyindən xəbər tutanda isə sürücü artıq ölkədə olmayıb.

İddiaya görə, hazırda Süleyman Mikayılov çox çətin durumdadır.

Sürücünün rəsmi axtarışa verilməsi onun özünün karyerasını sual altına qoyacağını bilir. Anlayır ki, Mahir əli qandallı, rəsmi olaraq tutulub ölkəyə gətirilərsə və istintaqa cəlb olunarsa, dəyəri 10 milyonlarla ölçülən varidatı da rəsmi olaraq, etiraf etməlidir. Azərbaycanda vəzifədə olan və korrupsiya bataqlığında çabalayan hər bir məmur üçün bundan “qorxulu yuxu” yoxdur.

 

Teqlər