İyun 12, 2021 15:15 Asia/Baku
  • “Rusiya qüvvələri artıq Azərbaycanın suverenliyini heçə endirən bir amilə çevrilib”

Sabiq dövlət müşaviri politoloq Qabil Hüseynli rusiyalı sülhməramlıları Azərbaycanın suverenliyini heçə endirməkdə ittiham edib.

SəhərAzəri-nin məlumatına əsasən, "Poliqon" portal ilə müsahibədə rus qüvvələrinin fəaliyyətindən hiddətləndiyini gizlətməyən Qabil Hüseynli deyib: “Nəyə görə mən Tərtər rayonundan Kəlbəcər rayonuna getmək üçün mütləq Rusiya sülhməramlılarının icazəsini almalıyam və onların maşınından istifadə etməliyəm? Rusiya nə qədər desə də ki, hər şey yaxşıdır, bilin ki, yaxşı deyil. Mən bu məsələlərin Rusiyanın iddia etdiyi kimi yaxşı olmasını istərdim, amma yaxşı olan məsələlər yavaş-yavaş əyilməyə başlayıb”.

Qabil Hüseynli qeyd edib ki, Rusiya Qərbin Cənubi Qafqaza gəlməsini və burada möhkəmlənməsini istəmir. Rusiya heç Türkiyənin də bölgədə möhkəmlənməsini istəmir. Ona görə də, Rusiya sülhməramlıları onların üstünə düşən və əsasnamə ilə müəyyən edilmiş məsələlərdən çox kənara çıxırlar. Rusiya sülhməramlıları artıq Azərbaycanın suverenliyini heçə endirən bir amilə çevrilib. Onlar Azərbaycanın müəyyən hissəsində hakimiyyət funksiyasını yerinə yetirirlər. Rusiyanın hazırda əsas missiyası separatçı qurumun varlığını qorumaqdır. Bunu da edirlər.

Politoloq müsahibənin sonunda Kremlə barmaq silkələyib. “Rusiya Cənubi Qafqazla məsələlərdə Qərbə güzəştə getmək istəmir. Amma bu dövlət bilməlidir ki, artıq Cənubi Qafqazda hegemon qüvvə deyil.

 

Teqlər