Mina xəritəsi əvəzində erməni diversantı
Azərbaycan 15 nəfəri Ermənistana təhvil verdi
Azərbaycan Xarici İşlər Nazirliyi Ağdam rayonu üzrə mina xəritələrinin Azərbaycan tərəfinə təqdim edilməsi müqabilində, 15 erməni hərbçisinin Ermənistana təhvil verildiyini bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Xarici İşlər Nazirliyi prosesin baş tutmasına görə Gürcüstanın baş naziri İrakli Qaribaşvili başda olmaqla, Gürcüstan hökumətinin dəstəyini təqdir edib.
Əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.
Bəyanatda deyilir: "Mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını və sağlamlığını təhlükədən xilas edəcək, yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcəkdir.
Azərbaycan tərəfi dəfələrlə Ermənistan tərəfinə və beynəlxalq təşkilatlara minalanmış ərazilərin xəritəsini almaq üçün müraciət etsə də, Ermənistan birmənalı şəkildə həmin xəritələri verməkdən imtina edib. Nəticədə atəşkəs dövründə onlarla Azərbaycan vətəndaşı minaya düşərək həlak olub və yaxud yaralanıb.
Bu yaxınlarda Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra Bakıda keçirilən mətbuat konfransında Ermənistanın Azərbaycana minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi məsələsinə münasibət bildirərkən deyib ki, "Biz bütün humanitar məsələlərin, xüsusən də minalarla bağlı məsələlərin mümkün qədər operativ şəkildə və ilkin şərtlər olmadan həll edilməsinin tərəfdarıyıq".
Buna baxmayaraq, Xarici iŞlər Nazirliyinin bəyanatına təkcə ATƏT, ABŞ və Gürcüstanın adları çəkilib, humanist addıma görə Rusiyanın rol oynadığına işarə edilməyib.
Qeyd edək ki, iyunun 12-də xarici ölkələrin Azərbaycanda yeni təyin olunmuş qeyri-rezident səfirlərini qəbul edərkən Azərbaycan Prezidenti demişdi: "Ermənistan bizə bütün minaların, basdırdıqları bütün yüz minlərlə minaların xəritəsini verməlidir. Əgər onlar bunu etməsələr, bu, bir daha bu ölkənin terrorçu xislətini nümayiş etdirəcək".