Ermənistan seçkilərinə Azərbaycandan reaksiya
20 iyun seçkiləri ekspertləri qane edib-EKSKLÜZİV
Nikol Paşinyanın 20 iyun seçkilərində qələbə çalması Azərbaycan Respublikasında məmnunluqla qarşılanıb. Bir çoxları bunu həm də Rusiyanın Ermənistanda məğlubiyyəti kimi qiymətləndirirlər.
SəhərAzəri-nin məlumatına əsasən, Turan Xəbər Agentliyi yazır ki, ümumiyyətlə, bu, Rusiya və Ermənistandakı rusiyapərəst qüvvələr üçün növbəti məğlubiyyətdir.
Müsavat Partiyasının başqanı Arif Hacılı öz feysbuk paylaşımında yazır: “Ermənistan parlamentinə növbədənkənar seçkilərdə Rusiyanın açıq dəstək verdiyi Koçaryan məğlub oldu. Ermənistanda Rusiyanın təsir imkanlarının məhdudlaşması müsbət hadisədir. Amma heç arxayınlaşmaq olmaz. İndi Rusiya Ermənistandakı itkilərini Yuxarı Qarabağda bərpa etməyə, nəzarəti altında olan bu ərazini Cənubi Qafqazda əsas forpostuna çevirməyə çalışacaq."
Deputat Sahib Alıyev isə Paşinyanın seçkinin belə bitməsinə görə Rusiyaya minnətdarlıq etməsini düşündürücü hesab edib.
İqtisad üzrə fəlsəfə doktoru Namik Murad Səhər Kanalının Xəbərlər proqramı ilə eksklüziv müsahibədə Ermənistanda faktiki olaraq sülh tərəfdarlarının Rusiyapərəst qüvvələri məğlub etdiklərini söylədi.
Siyasi təhlilçi Azər Rəşidoğlu bu qənaətdədir ki, Paşinyan təkcə Xocalı qatili Köçəryan və Sərkisyana qarşı savaşmırdı, Ermənistan siyasi, hərbi, kəşfiyyat və iqtisadiyyatına nəzarət edən Rusiyaya qarşı mübarizə aparırdı. Apardı və uddu.
Reaksiyaların davamında həmçinin Bakı Xəbər Qəzetinin baş redaktoru Aydın Quliyev öz feysbuk səhifəsində bildirir ki, revanşistlərin ən qatı başçısı Köçəryanın xeyli geridə qalması o deməkdir ki, erməni cəmiyyəti 44 günlük müharibənin nəticələrini həzm edir və Azərbaycanla bu vəziyyətdə yeni müharibə istəmir.
Və nəhayət Almaniyada yaşayan hüquqşünas İlqar Altay Ermənistandakı seçki nəticələri Azərbaycanın marağına uyğun hesab edir. Onun fikrincə, bu Ermənistan ermənilərinin Qarabağ erməni siyai mafiyasına qarşı böyük etirazlı zərbəsidir.
Hüquqşünas iddia edir ki, Ermənistan üçün mübarizədə Qərb və Rusiya yarışında, Qərb Rusiyaya qalib gəldi.