Azərbaycanlı politoloq çağırış etdi
“Rəsmi Bakı İrəvanla dil tapmalıdır”
ABŞ-da yaşayan azərbaycanlı politoloq rəsmi Bakının Ermənistan siyasətinə baxmalı olduğunu bəyan edib.
SəhərAzəri-nin məlumatına əsasən, Ərəstun Oruclu Poliqon Portalı ilə müsahibədə Ermənistanda seçkidən sonra yaranmış yeni vəziyyəti şərh edrəkən bildirib ki, rəsmi Bakı Ermənistan siyasətinə yenidən baxmalı və daha müstəqil şəkildə İrəvanla dil tapmağa çalışmalıdır. Zira bu hər iki xalqın maraqlarını təmin edən yoldur.
Politoloq fikrini belə izah edib ki, seçkidə iştirak edən əhalinin yarısından çoxunun Paşinyana səs verməsi ona olan ictimai dəstəyin göstəricisidir. Erməni xalqı bu seçkidə revanşistlərə deyil, yenə də Paşinyana etimad göstərdiyini ortaya qoydu.
Paşinyanın Rusiya tərəfindən dəstəklənən namizəd olmadığına diqqət çəkən ekspert hesab edir ki, Paşinyanının social bazası güclü olduğundan Rusiyanın müdaxiləsi heç bir effekt vermədi.
Ərəstun Oruclu bununla belə Rusiyanın Ermənistanda təsir imkanlarının böyük olmasını Paşinyan üçün ciddi problem adlandırıb. “Rusiyanın Ermənistanın daxilində olan tərəfdarlarının mövqeyi kifayət qədər güclüdür. Unutmayaq ki, Ermənistanda əsas oliqarxlar Rusiyaya bağlı adamlardır. Rusiyada yaşayan və Ermənistanı ayaqda saxlayan erməni miqrantlar da tamamilə Paşinyana qarşıdır. Digər tərəfdən də Ermənistanın iqtisadiyyatı Rusiya iqtisadiyyatından birmənalı şəkildə asılıdır. Bununla yanaşı Paşinyan orduda, xüsusi xidmət orqanlarında nə qədər təmizlik aparsa da, yenə də Rusiyanın təsiri qalmaqdadır”-deyə mühacirətdə yaşayan politoloq bildirib.
Ərəstun Oruclu sonda xəbərdarlıq edib ki, hər şey Kremlin Ermənistan siyasətinin konturlarından asılı olacaq. Əgər Rusiya Ermənistanda sabitliyi pozmaq istəsə, Moskva müəyyən mənada buna nail ola bilər.