İyul 09, 2021 20:35 Asia/Baku
  • Azərbaycanlı ekspert İlham Əliyevin atdığı addımı şərh edir

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasının dosenti Sabir Məmmədli Səhər Kanalı üçün yazdığı şərhdə dövlət başçısının yeni fərmanını izah etdi.

SəhərAzəri-nin məlumatına əsasən, Sabir Məmmədli yazır: İqtisadi rayonların yaradılması əsasən tarixi amillərə, əhalinin məşğulluq formalarına, kənd təsərrüfatının xüsusiyyətlərinə, sənayenin inkişaf xarakterinə və başqa meyarlara görə müəyyənləşir. Bu mənada ümumi iqtisadi idarəetmə sistemində maliyyə vəsaitinin ayrılmasına, hansı sahəyə daha çox diqqət yetirilməsinə xüsusi önəm veriləcək. Məsələ ondan ibarətdir ki, sovet dönəmidən qalmış süni bir düşüncə tərzi vardı:  ona uyğun olaraq Dağlıq Qarabağ Aran Qarabağdan ayrılmışdı, idarəetmədə, dövlət büdcəsindən maliyyə ayırmalarında, hətta təhsildə (nəzərə alsaq ki, Xankəndi və ətraf ərazilərdə azərbaycanlılarla yanaşı ermənilər də yaşayırdı) müəyyən fərqlər mövcud idi. Hazırki iqtisadi rayonların yaradılması məsələyə yeni yanaşmanı ortaya qoyur.

Nəzərə almaq lazımdır ki, yeni iqtisadi rayonların yaradılması haqqında sənəd həm də siyasi əhəmiyyət kəsb edir. Azərbaycan rəhbərliyi 10 noyabr razılaşmasından sonra ilk dəfədir ki, Xankəndi və ətraf ərazilərlə bağlı rəsmi mövqe ortaya qoydu – yəni bu ərazilərin gələcəyini necə görür. Məlum məsələdir ki, Xankəndi və ətraf bölgə qondarma erməni birləşmələrinin və, açığı desək, onları himayə edən Rusiya sülhməramlılarının nəzarətindədir. Onlar da müxtəlif planlar qururdular. Revanşist məqsədlərə nail olmaqdan başlamış, davamlı olaraq burada rus hərbçilərinin qalmasına qədər. Qarabağ iqtisadi zonasının yaradılması bir tərəfdən bu xəyallarla yaşayan qüvvələrə mesaj verdi ki, Azərbaycanın dövlət maraqları dəyəşməyib və Bakı bu əraziləri öz torpaqları kimi görür, digər tərəfdən Xankəndi və ətraf ərazilərdə yaşayan ermənilər açıq şəkildə seçim qarşısında qalacaqlar, ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da öz mülkiyyətlərini satıb bu əraziləri tərk etməlidirlər. Yəni rus təbliğatına, rus pasportlarının paylanması prosesinə inam sınacaq. Rusiya çalışır ki, Yuxarı Qarabağda ziddiyyətlər davam etsin, məsələ həll olunmamış qalsın və onun burada qalmasına ehtiyac duyulsun. Bu isə Azərbaycanı qane edə bilməz, məhz ona görə də Bakı müxtəlif addımlar atır ki, bu ərazilərdə öz yurisdiksiyasını bərpa etsin.

Yeni yaradılmış iqtisadi rayonun biri Şərqi Zəngəzur adlanır. Bu çox əhəmiyyətlidir. Azərbaycan tarixi gerçəkliyə söykənib Kəlbəcər, Laçın və digər torpaqları öz adıyla rəsmiləşdirir. Bu sərhədyanı ərazilər tarixi Zəngəzurun bir hissəsidir. Əhalinin məşğulluq formaları, təbii ehtiyatlar, relyef oxşarlığı bu əraziləri bir vahid kimi götürməyə məcbur edir. Eyni zamanda Azərbaycan Ermənistana və beynəlxalq ictimaiyyətə çatdırmaq istəyir ki, Şərqi Zəngəzur olduğu kimi Qərbi Zəngəzur da var. Sovet dönəmində Moskva Qərbi Zəngəzuru Azərbaycan xalqının iradəsinə zidd olaraq Ermənistana verib. Azərbaycan xalqı isə bununla heç vaxt razılaşmayacaq və öz torpaqlarına sahib olacaq.

(Səhər TV bu mövzula bağlı hər bir fikri işıqlandırmağa hazırdır.)

 

Teqlər