YAP-ın müttəfiqi olan Ana Vətən Partiyasında gülünc mübahisə yarandı
Fəzail Ağamalı oğlunu qurultaydan qovdu - AKTUAL
Fəzail Ağamalının sədri olduğu Ana Vətən Partiyasının dünən oktyabrın 25-də keçirilən qurultayında qalmaqal yaşanıb.
“Qafqazinfo”nun məlumatına görə, yeni sədr postuna kimin gətirilməsi məsələsində Fəzail Ağamalının övladları arasında fikir ayrılığı yaranıb.
Fəzail Ağamalı partiyaya rəhbərliyi deputat qızı Günay Ağamalıya həvalə etmək istəyib. Lakin partiya üzvlərinin bir qismi onun oğlu Elçin Ağamalının namizədliyini dəstəkləyib.
Qurultayda Fəzail Ağamalı ilə oğlu arasında gərginlik yaşanıb. Mühafizəçilərin müdaxiləsi nəticəsində ata-oğul bir-birindən uzaqlaşdırılıb.
Fəzail Ağamalı Qafqazinfo-ya müsahibəsində oğlunun qurultayın reqlamentini pozduğu üçün binadan kənarlaşdırıldığını bildirib:
“Öz adamları ilə birgə qurultayı pozmağa cəhd etdilər. Bu səbəbdən iclası təxirə saldıq. Elçini də binadan kənarlaşdırdılar. Mən partiya sədrliyinə qızımı təklif edirəm. Amma hələ ki, özüm istefa verməmişəm”, - deyə partiya sədri vurğulayıb.
Fəzail Ağamalının oğlu isə atasının dediklərini yalanlayıb. Elçin Ağamalının sözlərinə görə, atası sədrlikdən istefa verib. O deyib: “Atam öz yerinə Günay Ağamalının namizədliyini irəli sürdü. Lakin partiya nümayəndələri mənim namizədliyimi təsdiqlədilər. 100-dən çox səslə mən sədr seçildim. Bundan sonra Fəzail Ağamalı işığı söndürdü. Mənim seçilməyimi qəbul etməyib qurultayı pozdu. Amma mən yekdil səslə yeni sədr seçilmişəm. Hər kəs də təsdiq edə bilər”.