Avq 01, 2021 10:10 Asia/Baku
  • İşğalçı rejim Azərbaycanın CAN DOSTU olub! - Təhlil

İsrail rejiminin Azərbaycan Respublikası ilə bağlı işlətdiyi fəndlər öz acı nəticələrini verməyə başlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikası İsrail adlanan işğal olunmuş Fələstində ilk dəfə rəsmi nümayəndəlik açıb. Özü də bir yox, birdən birə iki nümayəndəlik – ticarət və turizm nümayəndəlikləri.

Tel-Əvivdə yerləşən nümayəndəliklərin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın İsraildə ticarət və turizm nümayəndəliklərinin ikitərəfli ticarət-iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli olacağına əminliyini ifadə edib.

"The Jerusalem Post" qəzetinin siyasi şərhçisi Arye Qut isə bu hadisə ilə bağlı deyib ki, çox yaxın gələcəkdə Azərbaycan bayrağının Tel-Əvivdə yerləşəcək bu ölkənin səfirliyinin qarşısında dalğalanacağına inanır.

Arye Qut Mikayıl Cabbarovun işğal olunmuş Fələstinə səfəri zamanı sionist şirkətlərini Qarabağda yenidənqurma işlərində iştiraka dəvət etdiyini xatırladıb və deyib: İsrail şirkətləri bu dəvəti qəbul edəcək və Qarabağda bərpa işlərinə öz töhfələrini verəcəklər.

Xatırladaq ki, Azərbaycana aid ticarət və turizm nümayəndəliklərinin açılması Pegasus casus proqramı vasitəsilə Azərbaycan vətəndaşlarının şəxsi həyatlarına müdaxiləyə görə respublikada İsrailə qarşı kəskin etirazların müşahidə olunduğu bir vaxtda reallaşıb. Sosial şəbəkələrdə gedən söhbətlərdə belə bir fərziyyə irəli sürülüb ki, sionistlər hətta Azərbaycan rəsmilərinin də telefon danışıqlarını dinləyiblər. Məqsəd isə bu dövlətdən siyasi və iqtisadi zəminlərdə bac almaq olub. Bildirilir ki, İkinci Qarabağ Müharibəsindən sonra onların məhz bunun nəticəsində müxtəlif müqavilələr bağlamaqları da həmin fırıldağın nəticəsi ola bilər.

Onlar əlbəttə başqa üsullara da əl atmağı unutmurlar. Azərbaycanı tolerant dövlət və ya strateji müttəfiq adlandırmaq da sionistlərin bu müsəlman ölkəsinin etimadını maksimum dərəcədə qazanmağa yönəlmiş cəhdləri sırasındadır.   

Məsələn vaxtaşırı iddia olunur ki, İsrail Azərbaycana silah tədarük edən əsas dövlətlərdən biridir və bu rejimin istehsalı olan hərbi texnikalar guya ötən ilin payızında baş vermiş 44 günlük müharibədə özünü yaxşı göstərib.

Maraqlıdır ki, İsrail rejiminin bu sahədə təbliğatını aparanlar dolayısı ilə Azərbaycan Ordusunun rəşadətinə, Türkiyənin və İran İslam Respublikasının müharibə zamanı işğal olunmuş ərazilərin azad edilməsi işində qardaş ölkəyə verdikləri total dəstəyi kölgə altında qoyurlar. Bu günlərdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Paşazadə həzrətlərinin qələbədə İranın aliməqamlı rəhbərinin fətvasını alqışlamasından dərhal sonra hücumlara məruz qalması da mühüm bir həqiqəti ortaya qoydu ki, İsrail rejimi Azərbaycanda nəzarətində saxladığı medialar vasitəsilə İranı və hətta yeri gələndə Türkiyəni şərləməklə məşğul olur və Təl-Əviv rejimini Azərbaycanın ən sadiq müttəfiqi kimi qələmə verir.  

Bununla paralel olaraq İsrail mediaları bu rejimin Cənubi Qafqazda xərçəngvari nüfuzunu təmin etməkdən ötrü Azərbaycanı tərifləmək metodundan istifadə edirlər. Nüfuzlu ivritdilli “Israel HaYom” qəzetinin məqaləsində deyilir: “Azərbaycan 30 il erməni işğalı altında qalan ərazilərini azad edən qalib dövlət kimi bütün dünyaya Cənubi Qafqaz regionunda özünün artan geosiyasi, hərbi-texniki, texnoloji və diplomatik gücünü sübut etdi”.

Qəribədir ki, İsrail rejimi Azərbaycanı öz tərəfinə çəkməkdən ötrü başqa məkirlərə də əl atır, sionist rejim bu xüsusda Amerikadakı erməni və yəhudi lobbi təşkilatları vasitəsilə Bayden hökumətini Qarabağ məsələsində anti-Azərbaycan mövqeyi tutmağa yönəldir ki, rəsmi Bakı təzyiqlərdən xilas olmaq üçün İsrailə pənah aparsın. Bu, sadəcə olaraq sionistlərə məxsus olan metoddur. Onların əsas məqsədləri Azərbaycanı məngənə altında saxlamaq və iqtisadi-ticarət fəaliyyətləri adı altında bu ölkə xalqına və eləcə də İran İslam Respublikasına qarşı casusluq şəbəkələrini genişləndirməkdir.

Belə bir gerçəkliyin mövcud olduğu halda təəssüflər olsu ki, siyasi ekspert, politoloq Mirsamir Məmmədov "Şərq" qəzetinə açıqlamasında iddia edib ki, İsrail guya Azərbaycana qardaş ölkədir. 30 ildir ki, guya bütün dünya kürsülərində Azərbaycanı dəstəkləyir. İsrail guya Azərbaycanın ən səmimi‚ etibarlı və sədaqətli sadiq can dostudur.

Təbii ki, Azərbaycanın siyasi çevrələrində İsraillə bağlı belə bir düşüncənin formalaşması ölkənin suverenliyini təhlükə altına ata və onu işğalçı rejimdən asılı vəziyyətə sala bilər.   

 

Teqlər