Avq 03, 2021 14:07 Asia/Baku
  • Eldəniz Səlimov saxlanılıb

Azərbaycanda toxunulmazlığı ləğv edilən Milli Məclisin deputatı Eldəniz Səlimov saxlanılıb.

SəhərAzəri-nin məlumatına əsasən, o, bu gün Binəqədi Rayon Məhkəməsinə gətirilərək hakim qarşısına çıxarılıb.

Məhkəmə E.Səlimov barəsinə həbs-qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxaraq onu 3 ay müddətinə azadlıqdan məhrum edib 

Qeyd edək ki, iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərini aşma maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında E.Səlimovun deputat toxunulmazlığına xitam verilib.

Sessiyada çıxış edən parlamentin İntizam Komissiyasının sədr müavini, deputat Fəzail Ağamalı deputat həmkarını qınaq obyektinə çevirib. "“Hadisə baş verib və fakt ortadadır. Deputat polisə deyib, sən fəxr et ki, səni Milli Məclisin üzvü döyüb. Bizə belə bir millət vəkili lazım deyil. Belə olan halda biz nədən danışa bilərik? Ona acımaq və təəssüf etmək olar. Amma törətmiş olduğu cinayətlə barışmaq olmaz”.