Avq 05, 2021 11:29 Asia/Baku
  • Rusiya BMT-nin Qarabağda humanitar fəaliyyətə qoşulmasını dəstəkləyir

Rusiya BMT-nin Qarabağda humanitar fəaliyyətə qoşulmasını dəstəklədiyini açıqlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya Xarici İşlər Nazirliyinin BMT Baş Assambleyasının 76-cı sessiyasında Rusiyanın mövqeyi ilə bağlı yaydığı bəyanatda deyilir: "Dağlıq Qarabağ münaqişəsi rayonunda vəziyyətin normallaşması ilə bağlı səylər çərçivəsində prioritet 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatların həyata keçirilməsidir."

Bəyanatda qeyd olunur: "BMT agentliklərinin, xüsusilə də BMT-nin qaçqınlar üzrə Ali Komissarlığı İdarəsinin Rusiyanın sülhməramlı əməliyyatının keçirildiyi zonada humanitar fəaliyyətə qoşulmasını faydalı hesab edirik. BMT agentliklərinin mümkün işlərinin parametrləri Bakı və İrəvanla birbaşa koordinasiyalı şəkildə razılaşdırılmalıdır". 

Xatırladaq ki, iyulun 3-də Kremlin məlumatında bildirildi ki, Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla telefon söhbətində hərbi əməliyyatlardan əziyyət çəkən bölgə əhalisinin humanitar problemlərinin həllində avropalı tərəfdaşların və xüsusilə Fransanın daha yaxından iştirakının zəruriliyinə diqqət çəkdib.

Qeyd edək ki, Rusiya 10 noyabr üçtərəfli razılaşmasının ardınca Xankəndində humanitar reaksiya Mərkəzi yaradıb və həmin mərkəzin fəaliyyəti Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan Azərbaycan ərazilərində yaşayan ermənilərin humanitar problemlərini həll etməkdən ibarətdir. Rusiya Qarabağın dağlıq hissəsinin ermənilər yaşayan hissəsində humanitar vəzifələrin yerinə yetirilməsinə milyonlarla dollar xərcləməkdədir.

Üçtərəfli bəyanatın imzalanmasının ardınca Rusiya beynəlxalq təşkilatları, o cümlədən BMT-ni də regionda işə başlamağa çağırmışdı. O cümlədən qərb ölkələrini regionda “humanitar məsələlərin həlli işinə” vəsait ayırmağa səsləmişdi. 

Teqlər