Avq 16, 2021 11:18 Asia/Baku
  • Azərbaycanda Əfqanıstan olayları geniş müzakirə olunur

Talibanın Əfqanıstanda hakimiyyətə gəlməsinə Azərbaycan dövləti münasibət bildirməyə tələsməsə də, ölkənin siyasi dairələrində bu mövzu qızğın müzakirə olunmaqdadır.

SəhərAzəri-nin məlumatına əsasən, politoloq Elxan Şahinoğlu özünün feysbuk hesabında bu barədə yazır: “Taliban güclü ideologiyası və dəmir nizamı hesabına Əfqanıstanda qələbə çaldı və dünyanın supergücü Amerikanın bu ölkədə 20 illlik varlığı Talibanın sonunu gətirmədi.”

Bununla belə politoloq hesab edir ki, müxtəlif xalqlar və dağlardakı silahlı qruplar Talibana qarşı müqavimətlərini davam etdirəcəklər. Çünki Taliban Əfqanıstana rahat və firavan həyat vəd etmir, feodal qaydalar və qətllər gətirir. Bununla barışmaq istəməyən güclər isə kifayət qədərdir.

Politoloq Əhəd Məmmədli isə Talibanı Əfqanıstanın yeganə sabitlik şansı kimi xarakterizə edib. “ABŞ heç yerə nəinki demokratiya, heç sabitlik belə gətirə bilmədi. Son iki yüz ildə dövrün ən böyük üç imperiyası Britaniya, SSRİ və ABŞ hər üçü bu kasıb müsəlman ölkəsi Əfqanıstana məğlub oldular. İndi Taliban ilk iqtidarı dövründəki səhvləri təkrarlamasa, təkcə puştunlar deyil bütün əfqan xalqlarına qucaq açsa, nəhayət ki Əfqanıstan torpağında sülh, əmin-amanlıq, sabitlik bərqarar ola bilər”, deyə Ağ Partiyanın sədr müavini bildirib.

Bu arada jurnalist Eynullah Fətullayev məsələyə başqa prizmadan yanaşıb və bildirib ki, Amerikanın Əfqanıstandakı iflası mühüm bir həqiqəti üzə çıxartdı. İkinci Qarabağ Müharibəsində Azərbaycan yalnız müasir silahın gücünə əsaslanaraq qələbə qazanmadı. Baxın, dünyanın ən nəhəng Amerika ordusu savadsız çobanlara məğlub olub ölkəni tərk edir!!! Deməli, əsas - xalqımızın və ordumuzun yüksək döyüş ruhu və qələbə əzmi olub. Həm də sözsüz ki, İlham Əliyevin geosiyasi kombinasiyaları...

Siyasi Təhlilçi Elməddin Behbudun da mövqeyi blə olub ki, Əfqanıstan prezidenti Əşrəf Qəninin Taliban hərəkatına müqavimət göstərmədən vəzifəsindən istefa verməsi çoxlarında haqlı sual doğurur. Əşrəf Qəni istefa verərkən bəlkə də sələfi Məhəmməd Nəcibullahın taleyini gözləri önünə gətirib.

Siyasi şərhçi Əkrəm Həsənov isə Talibanın niyə qalib gəlməsinin mümkün səbəblərindən bəhs edib. Şərhçi bildirir ki, taliblər yenidən Əfqanıstanda hökmran oldular. Dünyanın ən nəhəng, güclü və varlı ölkəsi olan ABŞ orada 20 il ərzində normal, ən əsası isə xalqın etimadını qazana biləcək hökumət qura bilmədi, əksinə, korrupsioner rejim yaratdı.

Onun fokrincə, taliblərin hakimiyyətə gəlməsi əfqan xalqının seçimidir. Əks halda, 20 il əvvəl darmadağın edilmiş hərəkat dirçələ bilməzdi. Əfqanıstan xalqı talibləri ona görə seçdi ki, onlar xalqa ədalət vəd edir.

Əkrəm Həsənov öz məqaləsinin sonunda digər ölkələrin də Əfqanıstan dərsindən ibrət götürmələrini tövsiyə edir.

 

Teqlər